Beynəlxalq konfrans Azərbaycanı dəstəklədi

post-img

Fransanın tələbi ilə Muhammad Rabbani konfransa buraxılmadı 

Neokolonializmlə bağlı Cenevrədə keçirilən beynəlxalq konfransın iştirakçıları Azərbaycanın gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası - COP29-a ev sahibliyi etmək missiyasını dəstəkləyiblər.

Bu barədə BMT-nin Cenevrə ofisin­də Bakı Təşəbbüs Qrupunun (BTQ) təş­kilatçılığı ilə keçirilən “Neokolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfransda qeyd edilib. İştirakçılar gələn il COP 29-a ev sahibliyi etmək missiyası hə­valə edilmiş Azərbaycan Respublikası­nı ürəkdən təbrik ediblər. Onlar əminlik ifadə ediblər ki, Azərbaycan bu qlobal miqyaslı və planetimizin gələcəyi üçün vacib olan hadisə çərçivəsində həm qlobal istiləşmə, həm də müstəmləkə­sizləşdirmə çağırışlarını nəzərə alacaq.

Qeyd edək ki, dünən BMT-nin Ce­nevrə ofisində Bakı Təşəbbüs Qru­punun (BTQ) təşkilatçılığı ilə “Neo­kolonializm: İnsan hüquqları, sülh və təhlükəsizlik” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda ABŞ, Böyük Britaniya, Fransa, Türkiyə, İsveçrə, Əlcəzair, Pa­kistan, Serbiya, Qətər, Seneqal, Kame­run, Vyetnam, Qəmər Adaları İttifaqı, Qvadelupa, Fransız Qvianası, Yeni Kaledoniya, Korsika, Martinika, Fransız Polineziyası, Korsika, Valis və Futuna, Solomon adalarından, İslam Əməkdaş­lıq Təşkilatı və BMT-nin Qadınlara qarşı Zorakılığın Ləğv edilməsi üzrə Komitə­sindən 50-yə yaxın nümayəndə, eləcə də insan hüquqları və dekolonizasiya üzrə ixtisaslaşan QHT-lərin rəhbərləri, xarici media təmsilçiləri iştirak edib.

Konfrans Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə 2023-cü il üzrə koloni­alizmə qarşı mübarizə aparan və azad olmağa çalışan xalqları dəstəkləməyə həsr olunmuş IV beynəlxalq tədbirdir. 

Xatırladaq ki, insan hüquqlarının müdafiəsi ilə məşğul olan "CAGE" QHT rəhbəri, Böyük Britaniya vətəndaşı Mu­hammad Rabbani bu konfransda iştirak etmək üçün İsveçrəyə gəlsə də, Fran­sanın tələbi ilə İsveçrə polisi tərəfindən saxlanılıb. Polis məhdudlaşdırmanın səbəbinin Fransa olduğunu etiraf edib. Hüquq müdafiəçisi Rabbaninin özünün və vəkilinin haqlı tələblərinə baxmaya­raq, İsveçrə polisi onu buraxmaqdan imtina edib.

***

Sonda beynəlxalq konfransın Yekun Bəyannaməsi qəbul olunub:

I. Bakı Təşəbbüs Qrupunun təşəb­büsü ilə 2023-cü il dekabrın 14-də Ce­nevrədə təşkil olunmuş və Fransanın son müstəmləkələri olan Fransız Qvi­anası, Martinik, Qvadelupa, Polinezi­ya, Yeni Kaledoniya, Korsika, eləcə də Seneqal, Əlcəzair kimi keçmiş kolo­niyaların nümayəndələri və təxminən on beş başqa ölkədən olan iştirakçılar dənizaşırı departamentlər, regionlar və kollektivlərin süni hüquqi pərdə arxa­sında real hökmranlığı davam etdirən fransız müstəmləkə sisteminin ziyanlı əməllərini pisləyirlər və bu dominasiya­nın davam etməsini aşağıdakı formada xarakterizə edirlər:

- Fransa inhisarlarının xeyrinə əha­linin həddindən artıq ərzaq asılılığını (ərzaq məhsullarının 80%-dən çoxu Fransadan gəlir), həyatın yüksək qiy­mətini təşkil edən düşünülmüş zəif iq­tisadi inkişaf strategiyasının aidiyyəti ölkələrdə həyata keçirilməsi; yoxsulluq (Fransız Qvianası əhalisinin 50%-i yox­sulluq həddində yaşayır) və kütləvi iş­sizlik, beləliklə, bu ərazilərin gələcəyini ciddi şəkildə təhlükə altına alan hər cür sui-istifadələrin (zorakılıq, silah və nar­kotik ticarəti) həyata keçirilməsi;

- Fransız Qvianası yerli xalqlarının əsas hüquqlarının pozulması;

- Fransız mədəniyyəti hegemonluğu institutları və getdikcə yoxa çıxmaq təh­lükəsi altında olan yerli dilləri arxa plana keçirən və xalqlarımızın tarixinə, coğ­rafiyalarımıza uyğun gəlməyən fransız məktəb proqramlarını uşaqlarımıza tət­biq edən assimilyasiya siyasəti nə xalq­larımızın tarixinə, nə coğrafiyamıza, nə mədəniyyətlərimizə, nə də gələcəyimiz üçün ambisiyalarımıza uyğun gəlmir;

- Torpaqların zəbt edilməsi (Fran­sız Qvianası torpaqlarının 90%-i Fran­sa dövlətinə aiddir), milyonlarla km2 Eksklüziv İqtisadi Zonalarımıza (ZEE) nəzarət (bu, Fransanı 11 milyon km2 ZEE ilə dünyada ikinci dəniz gücü edir) və onilliklər ərzində gənclərimizin Fran­saya deportasiyası siyasəti vasitəsilə Qvadelupa və Martinikdə görünməmiş bir demoqrafik böhrana, təbii ehtiyatla­rın talanmasına böyük töhfə verən məs­kunlaşma müstəmləkəsi;

- Fransız hüquqi dövləti adı altında bütün müqavimət hərəkatlarını cinayət­ləşdirən və korrupsionerləri qoruyan iki səviyyəli müstəmləkə ədliyyə sisteminin yaradılması; 

II. 1960-cı il dekabrın 14-də “Müstəm­ləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə”nin anım mərasimi çərçivəsində son fransız müstəmləkələrinin nümayəndələri tarix, eləcə də xalqları qarşısında məsuliyyət­lərini dərk edərək,

- Birləşmiş Millətlər Təşkilatını, bey­nəlxalq qurumları və bütün qitə xalqları­nı əsas insan hüquqlarının açıq şəkildə pozulması və xalqların inkişafı, əhalinin rifahı və xalqlar arasında sülhə mane olan, mahiyyət etibarilə fundamental insan hüquqlarının kobud şəkildə po­zulmasını təşkil edən müstəmləkəçiliyə və neokolonializmə qəti şəkildə son qo­yulmasına daha fəal töhfə vermək üçün rəsmi müraciət irəli sürüblər;

- FLNKS-ın Beynəlxalq Ədalət Məh­kəməsinə müraciəti və milli müstəqillik kimi ayrılmaz hüquqlarını həyata keçir­mək üçün Kanak xalqının Fransa döv­lətinə qarşı səfərbər edilməsini dəstək­ləyirlər;

- Müharibə riskləri kontekstində, sülh naminə qlobal demilitarizasiyaya və Sa­kit Okean və Karib dənizi koloniyaların­da Fransa bazalarının ləğvinə çağırırlar;

III. Müharibələr, artan beynəlxalq gərginlik, silahlanma yarışının yenidən başlanması, qlobal istiləşmə, davam edən geostrateji təlatümlər nəticəsində baş verə biləcək indiki və gələcək fə­lakətlərlə dolu qlobal kontekstdə Bakı Təşəbbüs Qrupu və müstəmləkə və ne­okolonial hökmranlıq altında olan xalq­ların nümayəndələri -Mali, Burkina Faso və Niger xalqlarının öz sərvətlərinin ta­lanmasından, fransız imperialist hökm­ranlığından xilas olmaq üçün apardıqla­rı mübarizəni alqışlayırlar;

IV. Cenevrədə keçirilən bu toplantı­nın bütün iştirakçıları gələn il COP 29-a ev sahibliyi etmək missiyası həvalə edil­miş Azərbaycan Respublikasını ürək­dən təbrik edirlər. Onlar əmindirlər ki, Azərbaycan bu qlobal miqyaslı və pla­netimizin gələcəyi üçün vacib olan ha­disə çərçivəsində həm qlobal istiləşmə, həm də müstəmləkəsizləşdirmə çağırış­larını nəzərə alacaq.

XQ



Son xəbərlər