Azərbaycanşünas alimə ali mükafat verilib

post-img

Türkiyə Cümhuriyyətinin Atatürk Kültür, Dil və Tarix Yüksək Qurumunun ali mükafatı olan “Türk dilinə xidmət” mükafatına layiq görülənlər sırasında Türkiyənin Egey Universitetinin professoru, Türkiyə Yazarlar Birliyi, Türk Mədəniyyəti Araşdırma İnstitutunun üzvü, görkəmli yazıçısı-alim Əli Yavuz Akpınar da var. 

Ali mükafata layiq görülən Yavuz Ak­pınar Azərbaycanın yaxın dostu, AYB-nin üzvü, BDU-nun fəxri professorudur. Hələ sovet dövründə müasir Azərbaycan ədəbiyyatının qurucusu olan Mirzə Fətəli Axundzadə haqqında doktorluq işi mü­dafiə etmiş, Azərbaycan mədəniyyətinin təbliği sahəsində gördüyü böyük işlərə görə 1989-cu ildə Dövlət mükafatına la­yiq görülmüşdür. Yavuz Akpınarın Azər­baycanda türkçülük ənənələrinin oyanış və formalaşmasında, böyük bir ədəbiy­yatçılar nəslinin yetişməsində əvəzsiz xidmətləri və zəhməti olmuşdur.

Bakıda Qulam Məmmədli, Həmid Araslı, Mirzağa Quluzadə, Rəsul Rza, Abbas Zamanov, Kamal Talıbzadə, Bəx­tiyar Vahabzadə, Nəbi Xəzri, Aqşin Ba­bayev, Elçin, Anar, İsa Həbibbəyli, Kamil Vəliyev, Rəfael Hüseynov, Əsgər Rəsu­lov, Vilayət Quliyev, Sabir Rüstəmxanlı, Moskvada Əkbər Babayev və başqaları ilə dərin dostluq əlaqələri olan Yavuz Ak­pınarın Azərbaycan ədəbiyyatının qar­daş Türkiyədə tanıdılmasında müstəsna xidmətləri danılmazdır. Azərbaycan Türk Mədəniyyətini Tanıtma Dərnəyinin pre­zidenti mərhum İbrahim Bozyellə nəşr etdirdikləri "Qardaş ədəbiyyatlar" jurnalı vasitəsilə Türkiyədə Azərbaycan, öz­bək, türkmən, tatar ədəbiyyatının tanıdıl­masında əvəzsiz rolu olub. Alimin şəxsi arxivində Azərbaycan ziyalılarına aid yüzlərlə məktub saxlanılır. Akademik İsa Həbibbəyli onu "Azərbaycan ədəbiyyatı­nın Türkiyədə baş konsulu" adlandırıb, Vilayət Quliyev isə Akpınarın “Ümumtürk mədəniyyətinə təmənnasız xidmətini haqq yolu"na xidmət kimi dəyərləndirib. 

Görkəmli alim Azərbaycan ədəbiy­yatını təkcə Türkiyədə, türk dünyasında deyil, uzaq ABŞ-da da uğurla təbliğ edən alimlərdən olmuşdur. 1992-1993-cü il­lərdə Miçiqan Universitetində türkologiya sahəsində qonaq mühazirəçi kimi çalış­dığı illərdə “Amerikanın səsi” radiosunun Azərbaycan xidməti ilə əməkdaşlıq et­miş, davamlı olaraq ədəbiyyat və mə­dəniyyətimizlə bağlı müəllif proqramının müəllifi və aparıcısı olmuşdur. 

Dəfələrlə redaksiyamızın qonağı olan fədəkar alim və dəyərli dostumuz profes­sor Yavuz Akpınarı aldığı ali mükafat mü­nasibəti ilə təbrik edir, can sağlığı, fəaliy­yətində uğurlar arzulayırıq.

N.QƏDİMOĞLU
XQ

Son xəbərlər