Bu hadisə ciddi qalmaqala səbəb olub
Türkiyənin “Ankaragücü” klubunun prezidenti Faruk Koca da daxil olmaqla, 3 şübhəli şəxs həbs edilib. Buna 59 yaşlı funksionerin Superliqanın son turunda “Rizəspor”la matçdan sonra meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurmağı səbəb olub.
Hadisədən sonra xəstəxanaya yerləşdirilən Halil Umut Meler Ankara Polis İdman Təhlükəsizlik Şöbəsi əməkdaşlarına ifadə verib. Hakim ona qarşı hücumda iştirak edən hər kəsdən şikayətçi olub.
Bununla əlaqədar fövqəladə iclas keçirən Türkiyə Futbol Federasiyası bütün liqalarda matçların qeyri-müəyyən müddətədək təxirə salınmasına qərar verib. Türkiyə Aktiv Futbol Hakimləri və Müşahidəçiləri Dərnəyi isə referilərin bu həftə çempionat oyunlarına çıxmayacaqlarını elan edib.
FIFA prezidenti Canni İnfantino şəxsi instaqram hesabındakı paylaşımında meydanda və ya meydandan kənarda şiddətə qətiyyən yer olmadığını bildirib. Qurum rəsmisi "Ankaragücü" - "Rizəspor" matçından sonra baş verən hadisələrin tamamilə qəbuledilməz olduğunu vurğulayıb: “Hakimlər, futbolçular, azarkeşlər və nümayəndələr oyundan həzz almaq üçün təhlükəsiz olmalıdırlar. Müvafiq orqanları bunu ciddi şəkildə yerinə yetirməyə çağırıram".
Qeyd edək ki, “Ankaragücü” – “Rizəspor” qarşılaşması 1:1 hesabı ilə yekunlaşıb.
L.QURBANOVA
XQ

