Bakı Mühəndislik Universitetində ümummilli lider Heydər Əliyevin büstünün açılış mərasimi və ulu öndərin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib.
Universitetin inzibati binasında ümummilli liderin büstünün təntənəli açılış mərasimi olub. Elm və təhsil naziri Emin Əmrullayev, BMU-nun rektoru Yaqub Piriyev, Abşeron Rayon İcra Hakimiyyətinin başcısı Abdin Fərzəliyev və qonaqlar büstün qarşısına əklil və gül dəstələri qoyublar.
Büstün müəllifi, tanınmış heykəltəraş, Xalq rəssamı Natiq Əliyev dəyərli sənət əsəri ilə bağlı məlumat verib.
Sonra “Heydər Əliyev və Azərbaycan təhsilinin inkişaf mərhələləri” mövzusunda konfrans keçirilib. Ulu öndərin mənalı ömür yolu, zəngin fəaliyyəti ilə bağlı videoçarx nümayiş etdirilib.
Yaqub Piriyev Ümummilli liderin bənzərsiz həyat yolundan danışmış, BMU-da onun büstünün qoyulmasının böyük qürur olduğunu vurğulayaraq, bütövlükdə bu dəyərli sənət əsərinin ərsəyə gəlməsində əməyi keçən hər bir şəxsə, xüsusən professor Natiq Əliyevə dərin minnətdarlığını bildirib.
Emin Əmrullayev ulu öndərin ruhuna dərin ehtiramın rəmzi olaraq, BMU-da Heydər Əliyevin büstünün açılışını yüksək dəyərləndirib, bu addımın universitetdə çalışanlar üçün böyük məna kəsb etdiyini vurğulayıb.
XQ