Nənə-baba pensiyasına göz dikənlər var
“Biz seçicilərlə görüşə gedirik, amma təmsil etdiyimiz ərazilərdə çox qala bilmirik, vətəndaş qəbulu zamanı qaçırıq. Çünki seçicilərin deputatlardan tələbi çoxdur”.
Bu sözləri Milli Məclisin deputatı Tahir Kərimli parlamentin plenar iclasında səsləndirib. O deyib ki, bu gün regionlarda iş olmadığından, xüsusilə, gənclər bölgələri sürətlə tərk edirlər. Qalanlar da nənə və babasının pensiyasına göz dikib, başqa gəlir yerləri yoxdur.
T. Kərimli pilotların pensiyası ilə bağlı probleminə də toxunub: “5 min 400 uçuş edən pilot yüksək pensiya təminatı ilə pensiyaya çıxırdı, amma qanunvericiliyə dəyişiklikdən sonra isə pilotlar 25 il xidmət etdikdən və 50 yaşdan sonra pensiyaya çıxa bilərlər. Bu da onlar üçün ciddi problem yaradır. Pilotların pensiya təminatının əvvəlki qaydaya qaytarılması daha ədalətli olar.
Telekanallar “Reklam haqqında” Qanunu pozur
Bir qrup deputat bəzi televiziya kanallarında “Reklam haqqında” Qanunun kobud surətdə pozulduğunu dilə gətirib: “Telekanallarda deyirlər: “Pampersə təşəkkür edirik”. Bu nə deməkdir? Pampersə təşəkkür ediriksə, onda gərək, bütün geyim növlərinə də təşəkkür edək. Siqaretin reklamı qəti qadağan olunsa da, bu məsələdə də qanun kobud şəkildə pozulur”.
“Erkən nikahlara görə axundlar günahkardır”
Milli Məclisin Ailə, Qadın Uşaq Məsələləri üzrə Komitəsinin sədri Hicran Hüseynova erkən nikahların bağlanmasına münasibət bildirərkən deyib: “On səkkiz yaşına çatmayanların nikahı qadağan edilib. Təəssüf ki, bu gün erkən nikahların əksəriyyətini axundlar kəsir. Ancaq bugünə qədər azyaşlıların qanunsuz kəbini ilə bağlı bir dənə də olsun din xadimi cəzalandırılmayıb”.
Əlillik problemi həll edilməlidir
Deputat Siyavuş Novruzov qazilərin hüquqlarının müdafiəsindən söhbət açıb və bunlardan birinin onların əlillik dərəcəsi alması ilə bağlı olduğunu bildirib: “Biri gəlib idarənin pəncərəsinin şüşəsini sındırır, digəri başqa hərəkət edir. Olmaz ki, bir komissiya yaradılsın, ictimaiyyət nümayəndələri çağırılsın, həmin adamlar yoxlanılsın və qərar verilsin ki, ona əlillik düşür, ya düşmür. Bu adam döyüşüb. Hərbçilər bilirlər ki, onlar döyüşdə elə zədə alırlar ki, tibbdə bunu müəyyən etmək çətindir. Bu problem həllini tapmalı, narazılıq aradan qaldırılmalıdır”.
Ünvanlı sosial yardım kimlərə və necə ayrılır?
Bir qrup deputat ünvanlı dövlət sosial yardımından danışıb. Qeyd edilib ki, bu yardımdan 300 min insan yararlanır. Amma ünvanlı dövlət sosial yardımın təyinatında qüsurlar var. Kimin adında yarım hektar torpağı var, ona ünvanlı sosial yardım təyin etmirlər. Axı, o yarım hektardan həmin adam heç nə əldə edə bilmir. Elə adamlar var ki, 10 illərdir sosial yardım alır. Belə bir el məsəli var: “Ac adama balıq vermək yox, balıq tutmağı öyrətmək lazımdır. İnsanlara illərlə sosial yardım vermək yox, onları hansısa işə yönəltməliyik”.
Bəzi xəstəliklər icbari sığortadan kənarda qalıb
“İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil olan xəstəliklərin sayı artır, amma bu gün ana və uşaqlar arasında ciddi fəsadlar verən xəstəliklər var ki, onlar icbari sığortadan kənardadırlar”.
Bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov səsləndirib. O deyib ki, bu gün çoxlu sayda analar süd vəzi xərçənginə tutulur, nə qədər uşaq leykozdan əziyyət çəkir: “Biz onlara deyə bilmirik ki, sənin xəstəliyin İcbari Tibbi Sığortanın xidmətlər zərfinə daxil deyil. Eyni zamanda, onkoloji dərmanların nə qədər baha olduğunu yaxşı bilirik. Böyük tələfat verən xəstəliklər icbari sığortadan kənarda qalmamalıdır”.
Bir insan 2 vəzifədə necə çalışır?
Bu fikirləri deputat Etibar Əliyev sələndirib. “Bir insanın iki vəzifədə çalışaraq uğur qazanması mümkünsüzdür. Alim deputatlar bəzən böyük vəzifələr tutur, bir çox vəzifəli şəxslər isə həm də universitetlərdə kafedra müdiri işləyirlər. Bir neçə il əvvəl universitet rektorları həm də Milli Məclisin deputatı idilər. Bir nəfərin uzun illər eyni vəzifəni icra etməsi, sanki, Azərbaycanda ənənəyə çevrilib. Məsələn, bu gün ali məktəblərin birində kafedra müdiri var, 50 ildən çoxdur ki, həmin vəzifədədir. Onun 90-dan çox yaşı var, hələ də vəzifəsinə davam edir.
Təqdim etdi:
Əliqismət BƏDƏLOV
XQ

