DİN qanunsuz saxlanılan silahların yığılması ilə bağlı tədbirlər görür

post-img

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir. Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, noyabrın 23-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1  ədəd avtomat, 1 tapança, 5 ədəd qumbara,  2 ədəd qumbara alışdırıcısı,  11 patron darağı,  627 ədəd müxtəlif çaplı patron və 15 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 4 ov tüfəngi və 24  ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.

Zəngilan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində silahların və partlamamıṣ vasitələrin aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları rayonun Keçikli kəndi ərazisində xidmətdə olan zaman 5 avtomat, 1 pulemyot, 1 qumabaraatan, 1 snayper tüfəngi, 18 piyada əleyhinə mina aşkar edilib.

Yardımlı Rayon Polis Şöbəsinə rayonun Telavar kəndi ərazisindəki dərədən silah-sursat tapılması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı həmin ərazidə torbanın içərisindən 1 ədəd "AKS-74U" markalı avtomat, həmin silaha aid 5 ədəd daraq, 2 ədəd əl qumbarası, 504 ədəd müxtəlif çaplı patronlar aşkarlanaraq götürülüb.

Bundan əlavə, Yardımlı RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində aparılan əməliyyat tədbirləri nəticəsində 5 nəfər rayon sakinindən qanunsuz olaraq saxladıqları ov silahları aşkarlanaraq götürülüb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV

XQ



Son xəbərlər