Noyabr ayının 20-də saat 17:16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Beyləqan rayonunun Əmirzeyidli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində iki nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən aşkarlanıb.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən bildiriblər ki, sərhəd pozucularının silahlı və onlardan birinin üzərində böyük bir kisədə yükün olması müşahidə edilib.
Sərhəd naryadı tərəfindən “Dayan!” əmri verilərək havaya xəbərdarlıq atəşi açılıb. Əmrə tabe olmayan sərhəd pozucuları sərhəd naryadına qarşı odlu silahdan atəş açıb, üzərilərindəki yükü ataraq əlverişsiz hava şəraitindən və relyefin mürəkkəb olmasından istifadə edərək geriyə, İran ərazisinə qaçıblar.
Keçirilmiş sərhəd axtarışı nəticəsində ərazidə ümumi çəkisi 95 kiloqram 100 qram narkotik vasitə (10 kq 100 qram metamfetamin, 85 kq tiryək) aşkar olunaraq götürülüb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.