İqtisadiyyat və energetika nazirlərinin üçtərəfli görüşü

post-img

Azərbaycan, Özbəkistan və Qazaxıstanın iqtisadiyyat və energetika nazirlərinin iştirakı ilə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisindən Avropaya elektrik enerjisinin ixracı perspektivlərinin müzakirəsi ilə bağlı üçtərəfli görüş keçirilib. 

Nazirlikdə keçirilən üçtərəfli görüşdə Mərkəzi Asiya ölkələrindən Azərbaycan ərazisi vasitəsilə Avropaya elektrik enerjisinin ixracı perspektivləri müzakirə edilib. Tərəflər elektrik enerjisinin ixracı ilə bağlı birgə müəssisənin yaradılması və layihənin iqtisadi əsaslandırılmasına hazırlıq üzrə razılıq əldə ediblər.  

Görüş çərçivəsində ortaq dəyərlərə və tarixə, sıx dostluq əlaqələrinə malik ölkələrimiz arasında çoxşaxəli münasibətlərin inkişaf etdiyi qeyd edilib. Bu istiqamətdə Azərbaycan, Özbəkistan və Qazaxıstan dövlət başçılarının mütəmadi görüşlərinin xüsusi rolu vurğulanıb. 

Qeyd edilib ki, üç ölkənin bərpaolunan enerjinin inkişafı və ixracı ilə bağlı yürütdüyü siyasət Azərbaycana Mərkəzi Asiya ölkələrindən Avropaya elektrik enerjisinin təchizi üzrə körpü rolunu oynamağa imkan verir. Azərbaycan Gürcüstan, Rumıniya və Macarıstanla birgə 4 Qvt elektrik enerjisinin ixracına imkan verəcək Xəzər dənizi-Qara dəniz-Avropa enerji dəhlizinin yaradılması üzərində işləyir. Daha 1 Qvt “yaşıl enerji”nin Naxçıvan-Türkiyə-Avropa marşrutu ilə nəqli nəzərdə tutulub.

Görüşdə bildirilib ki, Qazaxıstan və Özbəkistanın bu dəhlizlərə çıxış əldə etməsi bu ölkələrin elektrik enerjisi bazarlarının inkişafını, yaşıl hidrogen, ammonyakın istehsalı və təchizatı üzrə əməkdaşlığı möhkəmlənləndirəcək, Orta Dəhliz çərçivəsində enerji təhlükəsizliyi və “yaşıl layihələr” üzrə tərəfdaşlığı gücləndirəcək. 

Nazirlər ölkələrin bərpaolunan enerji üzrə potensialını qeyd edərək, alternativ mənbələrdən əldə edilmiş elektrik enerjisinin Avropaya ixracı ilə bağlı layihəyə qoşulmağa hazır olduqlarını bildiriblər. Bu kontekstdə Azərbaycanın enerji sisteminin inteqrasiyasından sonra Qara dənizin dibi ilə yüksək gərginlikli elektrik enerjisi xəttinin çəkilməsi imkanlarının araşdırılmasına maraq ifadə olunub. 

Nazirlər “yaşıl enerji”nin ötürülməsi üzrə layihənin inkişafının iştirakçı ölkələrin energetika sistemləri və iqtisadiyyatları arasında əlaqələri möhkəmləndirəcəyini, həmçinin milli energetika sənayelərinə yeni impuls verəcəyini vurğulayıblar.  

Görüşün nəticəsi olaraq birgə kommünike imzalanıb. İqtisadiyyat və energetika nazirləri səviyyəsində növbəti görüşün Özbəkistanın Daşkənd şəhərində keçirilməsi gözlənilir.

 

XQ

 

Son xəbərlər