Dünən görkəmli şair-dramaturq Hüseyn Cavidin doğum günündə dahi sənətkarın xatirəsi dünyaya göz açdığı Naxçıvan şəhərində ehtiramla yad edildi. Mərasim iştirakçıları Hüseyn Cavidin Xatirə Kompleksini ziyarət edərək ədibin məqbərəsi önünə gül dəstələri düzdülər.
Cəlil Məmmədquluzadə adına Ədəbiyyat Muzeyində keçirilən xatirə məclisində Naxçıvan MR Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev Hüseyn Cavidin Azərbaycan ədəbiyyatının və teatrının inkişafındakı misilsiz xidmətlərindən danışıb. O, görkəmli söz ustasının bənzərsiz yaradıcılığı və mübariz şəxsiyyəti ilə möhtəşəm bir yazar və dönməz istiqlal aşiqi olduğunu bildirib.
Mərasimdə Hüseyn Cavid irsinin ölkəmizdə yüksər dəyər qazanması, onun xatirəsinin həmişə əziz tutulması qeyd edilib. Sovet dövründə Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Hüseyn Cavidin 100 illik yubileyinin böyük təntənə ilə keçirilməsi və cənazəsinin uzaq Sibirdən Azərbaycana gətirilməsi haqqında qərar qəbul edilməsi minnətdarlıqla yada saloınıb. Bildirilib ki, tarixi qərarlarla görkəmli şairin Bakı şəhərində və doğma Naxçıvanda ev muzeyi yaradılıb. 1996-ci ilin oktyabrında Ümummilli liderin təşəbbüsü və şəxsən iştirakı ilə Hüseyn Cavidin Naxçıvanda əzəmətli məqbərəsi ucaldılıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə ədibin 120,135,140 illik yubileyləri dövlət səviyyəsində qeyd olunub. Hüseyn Cavid Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflər sırasına daxil edilib.
Məclisdə Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Yadigar Hüseyn Cavidin həyat və yaradıcılığı barədə geniş söhbət açıb. Mərasimdə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı aktyorları Hüseyn Cavidin əsərlərindən parçaları səsləndiriblər.
Səbuhi HƏSƏNOV
Naxçıvan