Azərbaycanın mədəniyyət naziri Adil Kərimli dünən görkəmli muğam ustadı, Xalq artisti Arif Babayevi evində ziyarət edib. Bu haqda Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Arif Babayevin əlamətdar yubileyinin – anadan olmasının 85 illiyinin müxtəlif tədbirlərlə qeyd edildiyini deyib, Prezident İlham Əliyevin 21 fevral 2023-cü il tarixli sərəncamı ilə onun “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”na layiq görülməsinin sənətkarın fəaliyyətinə göstərilən diqqətin təzahürü olduğunu vurğulayıb. Sonra dövlət təltifi xanəndəyə təqdim edilib.
Arif Babayev sənətinə verilən yüksək qiymətə və Azərbaycan muğamının inkişafına göstərdikləri diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
XQ