Bişkekdə Beynəlxalq Mülki Müdafiə Təşkilatının İcraiyyə Şurasının 56-cı sessiyası öz işinə başlayıb. Tədbirdə ölkəmizi fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.
Sessiyada qurumun İcraiyyə Şurasının prezidenti və vitse-prezidenti vəzifələrinə seçkilərin keçirilməsi, gələn il üçün büdcə layihəsi ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
Sessiya çərçivəsində nazir Kəmaləddin Heydərov Qırğız Respublikasının Nazirlər Kabinetinin sədri Akılbek Japarov ilə görüşüb.
Görüş zamanı nazir Azərbaycanda fövqəladə hallarla mübarizə və mülki müdafiə sahəsində görülən işlərdən danışıb. K.Heydərov iki ölkənin fövqəladə halların idarə edilməsinə məsul qurumları arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin əhəmiyyətinə toxunub.
Qırğızıstanın Nazirlər Kabinetinin sədri Akılbek Japarov iki ölkə arasında əlaqələrin yüksələn xətlə inkişafından məmnunluq ifadə edib, uyğun qurumlar arasında əlaqələrin daha da genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu diqqətə çatdırıb.
Bundan əlavə, sessiya çərçivəsində fövqəladə hallar naziri Kəmaləddin Heydərov və Qırğız Respublikasının fövqəladə hallar naziri Boobek Ajikeev arasında ikitərəfli görüş keçirilib.
Görüşdə fövqəladə halların idarə edilməsi sahəsində mövcud əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Kəmaləddin Heydərov Rusiyanın mülki müdafiə, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması naziri general-leytenant Aleksandr Kurenkovla da görüşüb.
Görüşdə iki nazirlik arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlığın hazırkı vəziyyətindən məmnunluq ifadə olunub, əlaqələrin daha da genişləndirilməsinin qarşılıqlı faydası qeyd olunub və digər məsələlər geniş müzakirə edilib.
Sessiya çərçivəsində nazir Kəmaləddin Heydərov Beynəlxalq Mülki Müdafiə Təşkilatının baş katibi xanım Mariatu Yapla da görüşüb.
XQ

