Yaxın Şərqdə eskalasiyanın azalacağı ilə bağlı ümidlər, təəssüf ki, özünü də doğrultmur. 7 oktyabr hücumundan hiddətlənən İsrail Silahlı Qüvvələri HƏMAS yaraqlılarının kökünü kəsəcəyini, qarşı tərəf isə sonadək mücadilə aparacağını iddia edir. Böyük dövlətlərin vasitəçilik səyləri də bəhrəsiz qalıb.
Beləcə, Yaxın Şərqdə hazırda dünyanı çox narahat edən bu münaqişəyə cəlb olunan tərəflərin heç biri güzəştə getmək istəmir. Nəticədə, hər iki tərəfdən ölən və yaralananların sayı, eləcə də dağıntılar artır. Qlobal mediadakı süjetləri izləyəndə, insana elə gəlir ki, sanki planetdə rəhm və mərhəmət hissi qeybə çəkilib.
Bu gün gündəmin əsas mövzusu Qəzzadakı böyük xəstəxananın partladılması hadisəsidir. Belə ki, “Əl Əhli” xəstəxanasında məşum partlayışın “müəllif”inin kim olduğunu da hələlik ayırd etmək mümkün olmur. Ən son məlumatlara görə, burada 471 nəfər həlak olub. İsrail rəsmiləri bunu şişirdilmiş rəqəm hesab edirlər.
Bu arada Türkiyədə Qəzzadakı xəstəxanaya hücuma görə üçgünlük matəm elan olunması ilə əlaqədar bayraqlar yarıya endirilib. “Anadolu” agentliyi məlumat yayıb ki, həmin faciə ilə bağlı teatr və mədəniyyət mərkəzlərinin proqramı təxirə salınıb.
Rəsmi Təl-Əviv bildirib ki, son bir sutka ərzində bu ölkənin silahlı qüvvələri Qəzzada HƏMAS-ın infrastrukturuna ağır zərbələr endiriblər. Fakt budur ki, Qəzza hələ də mühasirədədir və burada əhaliyə su, qaz və elektrik təchizatı dayandırılıb. Qəzza sakinləri humanitar böhranla üzləşib.
Misir hökumətinin İsrail iqtidarı ilə əldə olunan razılığına əsasən, ölkədəki “Rəfah” keçid məntəqəsi bu gündən fəaliyyətini qismən bərpa edəcək. Buradan sutka ərzində 20-dək yardım maşınının Qəzzaya yola düşməsinə icazə veriləcək.
Qeyd edilir ki, Misir Prezidenti Abdül Fəttah Əl-Sisi “Rəfah” sərhəd-buraxılış məntəqəsinin Qəzza zolağına humanitar yük daşıyan 20 avtomobil üçün açılmasına razılaşıb. Qeyd edək ki, bu vaxta qədər Misir və İsrail rəsmiləri “Rəfah”ın açılmasına qarşı çıxırdılar.
Bu gün BMT-nin Baş katibi Antonio Quterreşin Qahirəyə gələcəyi, buradan dərhal Misirlə Qəzza arasında yerləşən “Rəfah” məntəqəsinə gedəcəyi barədə xəbərlər yayılıb. Misirin “Əl Hədah” telekanalının məlumatına görə, BMT Baş katibi bölgədəki ağır durumla tanış olacaq və atəşkəsin əldə olunması üçün təkliflərini səsləndirəcək.
İki gün əvvəl ABŞ Prezidenti Co Baydenin regiona qısa səfərindən sonra bu dəfə Böyük Britaniyanın Baş naziri Rişi Sunak Təl-Əvivə səfər edib. Hind əsilli britaniyalı siyasətçi burada israilli həmkarı ilə görüşüb mövcud vəziyyəti müzakirə edib. R.Sunak görüşdən əvvəl və sonra jurnalistlərə bildirib ki, rəsmi London hər cür terrora qarşıdır. Onun sözlərinə görə, HƏMAS-ın 7 oktyabr hücumu olduqca dəhşətli hadisədir.
Yeri gəlmişkən, dünən İsrail Dövlətinin Prezidenti İsxak Hersoq da Britaniya hökumətinin rəhbərini qəbul edib və ali qonaqla görüşdən sonra media mənsublarına açıqlamasında belə deyibdir: “İŞİD-in ölkə sərhədlərimizə daxil olduğunu görürük”. O, terrorçuları “şər imperializmi” adlandırıb və dəstəyə görə britaniyalı siyasətçiyə təşəkkür edib.
Göründüyü kimi, dünya birliyi HƏMAS-İsrail qarşıdurması zamanı baş verən ağır zorakılıqlardan narahatdır. Beynəlxalq ictimaiyyət münaqişənin genişlənərək Üçüncü Dünya müharibəsinə çevrilməsini istəmir. Bir çox dövlətlər tərəfləri təcili surətdə atəşkəs elan etməyə səsləyirlər.
Amma Yaxın Şərqdə gərginlik faktiki olaraq azalmır. Müharibə hər gün, hər saat yeni qurbanlar bahasına davam edir. Bu fəlakətin qarşısını alan isə yoxdur. ABŞ Prezidenti C.Baydenin regiona səfəri də sülhə olan ümidləri doğrultmadı.
Fələstinin Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, Qəzzada artıq 13 gündür davam edən münaqşə zamanı ölənlərin sayı 3 min beş yüzü keçib. 12 mindən çox insan yaralanıb. Qəzzada HƏMAS-ın milli təhlükəsizlik qüvvələrinin komandiri Meysenin öldürüldüyü barədə xəbərlər yayılıb.
İsrailin də itkiləri artır. HƏMAS-ın 7 oktyabr hücumundan sonra İsrailin 1400-dən çox vətəndaşının həlak olduğu bildirilir. HƏMAS-ın hələ də iki yüzə yaxın israillini girov saxladığı qeyd edilir.
Hazırda Yaxın Şərq od içindədir. Bu münaqişə ocağından sıçrayan qığılcımlar bütün regionu öz ağuşuna ala bilər. Bu, arzuolunmaz ssenarinin qarşısı təcili alınmalıdır!
M.HACIXANLI
XQ

