Fransa cəmiyyətinin irqi ayrı-seçkilikdən, xüsusilə də islamofobiyadan əziyyət çəkdiyi barədə yazmışdıq. Amma bu zərərli təmayülün “üfüqlərinin” belə genişlənəcəyini, millətini və dindaşlarını sevən məşhur futbolçuya qarşı iyrənc hücumlara qədər böyüyəcəyini təsəvvür edə bilməzdik.
İsrail–Fələstin münaqişəsində ikincini dəstəkləyənlər arasında siyasilərlə yanaşı, populyar və nüfuzlu sənət adamları, dünyanın dörd tərəfində məşhur ulduzlar da var. Fələstinlilər üçün dua edənlərin arasında “Real” klubunun sabiq forvardı, “Qızıl top”un sahibi, Əlcəzair əsilli futbolçu Karim Benzema da var. Hazırda “Əl-İttihad”ın formasını geyinən 35 yaşlı fransız futbolçu oktyabrın 15-də sosial şəbəkədə belə bir paylaşım edib: “Biz Qəzza sakinləri üçün dua edirik. Onlar növbəti dəfə nə qadınlara, nə də uşaqlara aman verməyən ədalətsiz bombardmanın qurbanları oldular”.
Bu fikirlərinə görə indi əlcəzair əsilli fransız Benzemanı Fransa vətəndaşlığından və halal “Qızıl top”undan məhrum etməyə çağırışlar səslənməkdədir. Onun ünvanına təhqir və söyüşlərin sayı-hesabı itib. Ölkənin daxili işlər naziri Cerald Darmenen hətta onu “Müsəlman qardaşları” təşkilatı ilə əlaqədə ittiham edib. Marselin vitse-meri, ifrat ermənipərəstliyi ilə tanınan Valeri Buaye isə Karim Benzemanın “Qızıl top”unu əlindən almağa, vətəndaşlıqdan məhrum etməyə, hətta ona qarşı sanksiyalar tətbiq etməyə çağırıb. Yəni, dünyaca məşhur futbolçunun müsəlman təəssübkeşliyi nümayiş etdirərək fələstinlilərə dəstək verməsi çinovnik müsyö və madamların xoşuna gəlməyib, onları cin atına mindirib.
Sosial şəbəkədə dahi futbolçunun ünvanına yağdırılan itiham və təhqirlərdən yazılması mümkün olan bir neçəsinə diqqət edin:
Fransanın daxili işlər naziri Cerald Darmenen:
“O, siyasi bəyanat verib. Onun yazdığının mənası budur ki, mən Respublikanın və Fransanın dəyərlərinə tüpürürəm”.
Avroparlamentin fransalı deputatı Nadin Morano: “Benzema bununla HƏMAS-ın təbliğat agentinə çevrildi. Çünki onlar İsrailin yalnız fiziki məhvini deyil, həm də beynəlxalq ictimai rəydə məhvini təbliğ edirlər”.
Fransa Senatının sağçı-mühafizəkar üzvü Valeri Buaye: “Başlanğıc üçün o, “Qızıl top”dan məhrum edilməli, sonra vətəndaşlığı əlindən alınmalıdır. Biz ikili vətəndaşlığa malik dünyada tanınan fransızın ölkəmizi bu cür biabır etməsi və hətta satması ilə barışa bilmərik”.
Futbol üzrə İsrail yığmasının eks-qapıçısı, 45 yaşlı Dudu Avat sosial şəbəkədə ivrit, fransız, ərəb, ingilis və ispan dillərində belə yazıb:
“Sən əsl köpək oğlusan”.
Hər şeydən göründüyü kimi, irqçi, “islamofob irtica eşolonu” siyasi meydançada forvard Benzemaya qarşı bütün “cinahlardan” hücuma keçib. Həm də fərdin söz və vicdan azadlığı kimi təməl haqqını nəzərə almadan, şəxsiyyətini alçaldaraq. Bu kampaniyanın insan hüquqlarını qoruyan məhkəmənin yerləşdiyi, amma Makronun Fransasında baş verməsi təəccüblü deyil.
İ.HƏSƏNQALA
XQ

