Naxçıvan Muxtar Respublikası Ali Məclisinin bəyanatı
Dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin xüsusi iclasında dövlət başçısı İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü münasibətilə bəyanat qəbul edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, 20 il bundan əvvəl – 2003-cü ildə cənab İlham Əliyev ilk dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilib. Çoxşaxəli və zəngin fəaliyətində dövlət başçısının nailiyyətlərindən biri ölkənin ərazi bütövlüyünün bərpa edilməsi, işğalda olan ərazilərimizin geri qaytarılması ilə nəticələnən 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdir. Bu gün bizim mükəmməl institutlarımız, güclü iqtisadiyyatımız, müdafiə potensialımız, düşünülmüş inkişaf strategiyamız və ən əsası isə dünyada tanınan və nüfuz sahibi olan cənab İlham Əliyev kimi liderimiz var. Anar İbrahimov deputat həmkarlarını və onların seçicilərini əlamətdar hadisə münasibətilə təbrik edib.
Ali Məclisin deputatları Əmir Babayev, Ehtibar İsmayılov, Yeganə Məmmədova, Hacıfəxrəddin Səfərli, Ehtimad Məmmədov, Vüsalə Əliyeva və Asim Əliyev çıxışlarında həyatın bütün sahələrdə əldə edilən yüksək göstəricilərin Ulu öndər Heydər Əliyevin milli inkişaf modelinin uğurlu tətbiqinin nəticəsi olduğuni, sosial-siyasi islahatların ardıcıl həyata keçirilməsinin, qanunvericilik bazasının təkmilləşdirilməsnin, vətəndaş cəmiyyətinin formalaşdırılmasının və digər strateji tədbirlərin Azərbaycanın dinamik inkişafını təmin edən əsas faktorlar olduğunu diqqətə çatdırıblar.
Bildirilib ki, bu gün Ulu öndərin mənəvi-siyasi irsinin layiqli davamçısı, dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müasir tarixinin şanlı səhifələri yazılır. Dövlət başçısının diqqət və qayğısı nəticəsində Azərbaycan bütün sahələrdə – iqtisadiyyat, müdafiə, təhsil, səhiyyə, turizm, mədəniyyət və digər istiqamətlərdə böyük uğurlara imza atıb.
Qeyd olunub ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə yetişən gənclik və şanlı ordumuz qızıl hərflərlə Zəfər salnaməsi yazdı, 30 illik işğalçılıq siyasətinə son qoyuldu, ərazi bütövlüyümüz, tarixi ədalət bərpa olundu. Uğurla başa çatan antiterror tədbirləri ilə isə Azərbaycan bütün dünyaya öz gücünü bir daha nümayiş etdirdi, suverenliyimiz təmin olundu. Hazırda dövlət başçısının rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə bərpa və quruculuq işləri sürətlə davam etdirilir, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında məskunlaşması prosesi həyata keçirilir.
Hazırda ölkənin bütün bölgələri kimi Naxçıvan Muxtar Respublikası da dinamik inkişaf edir. Muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə bağlı 2023-2027-ci illəri əhatə edən dövlət proqramının qəbul olunması, Zəngəzur dəhlizinin açılması istiqamətində həyata keçirilən tədbirlər bunun əyani sübutudur.
Deputatlar Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin inkişafının daha da sürətlənəcəyini, yeni-yeni uğurlara imza atılacağını vurğulayıblar. Onlar İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatına dəstək ifadə ediblər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Bəyanatının layihəsi hazırlanıb. Ali Məclisin deputatı Aidə Cəlilzadə Ali Məclisin həmin Bəyanatını səsləndirib.
Bəyanat səsə qoyularaq qəbul edilib.
Səbuhi HƏSƏNOV
XQ
Naxçıvan