İtaliya azərbaycanlıları Avropa Parlamentinə etiraz edib

post-img

İtaliyada yaşayan Azərbaycan icması Qarabağ münaqişəsi ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi 5 oktyabr 2023-cü il tarixli qətnaməsinə sərt etirazını bildirib.

İtaliya Azərbaycanlıları Koordinasiya Şurası və İtaliya-Azərbaycan Birliyi adından Avropa Parlamentinə ünvanlanan müraciətdə ikili standartların təzahürü olan qətnamə pislənilib. Azərbaycan əsilli italiyalıların bu addımı qərəzli və ədalətsiz hesab etdikləri, son 30 ildən çox müddət ərzində məhz Azərbaycanın etnik təmizləmə, təcavüz və işğala məruz qaldığı nəzərə çatdırılıb.

Bildirilib ki, Qarabağda keçirilmiş son antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin çoxlu sayda hərbi təxribatlarına və mina terroruna cavab olub, ölkənin ərazi bütövlüyünü tam bərpa etmək və məcburi köçkünlərin hüquqlarını qorumaq məqsədi daşıyıb. Avropa Parlamentinin mövqeyi isə ədalət, beynəlxalq hüquq və özünümüdafiə hüququnu pozur.

Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmağın yolunun dialoq və əməkdaşlıqdan keçdiyini xatırladan İtaliya azərbaycanlıları Avropa Parlamentini vəziyyəti balanslı və ədalətli şəkildə qiymətləndirməyə çağırıb.

Anar ƏLİ,
XQ

Son xəbərlər