Stokholm azərbaycanlıları Avropa Parlamentinin qətnaməsini pisləyiblər

post-img

Stokholm şəhərində fəaliyyət göstərən İsveç-Azərbaycan Mədəniyyət Birliyi (SAF) Qarabağ münaqişəsi ilə bağlı Avropa Parlamentinin qəbul etdiyi 5 oktyabr 2023-cü il tarixli qətnaməsini kəskin şəkildə pisləyib.

Avropa Parlamentinə ünvanlanan müraciətdə ikili standartların təzahürü olan qətnamə qərəzli və ədalətsiz adlandırılıb. Son 30 ildən çox müddət ərzində məhz Azərbaycanın etnik təmizləmə, təcavüz və işğala məruz qaldığı nəzərə çatdırılıb.

Bildirilib ki, Qarabağda keçirilmiş son antiterror tədbirləri Ermənistan silahlı qüvvələrinin çoxlu sayda hərbi təxribatlarına və mina terroruna cavab olub. Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması və məcburi köçkünlərin hüquqlarının qorunması məqsədi daşıyıb. Avropa Parlamentinin mövqeyi ədalət, beynəlxalq hüquq və özünümüdafiə hüququnun pozulması kimi qiymətləndirilib.

Cənubi Qafqazda davamlı sülh və sabitliyə nail olmağın yolunun dialoq və əməkdaşlıqdan keçdiyini xatırladan SAF Avropa Parlamentini vəziyyəti balanslı və ədalətli şəkildə qiymətləndirməyə çağırıb.

Anar ƏLİ,
XQ

Son xəbərlər