Yeni Azərbaycan Partiyası nümayəndə heyətinin qardaş Türkiyəyə səfəri davam edir.
Dünən Ankarada YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Türkiyə Böyük Millət Məclisinin sədri, İstanbul millət vəkili Numan Kurtulmuş arasında görüş keçirilib.
Numan Kurtulmuş Azərbaycan–Türkiyə münasibətlərinin bənzərsiz dostluq və qardaşlıq örnəyi kimi istər ikitərəfli münasibətlərin inkişafı, istərsə də regional əməkdaşlıq və təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Parlament sədri Azərbaycan ilə Türkiyənin bir-birinin milli maraqları və dövlətçilik mənafelərini beynəlxalq arenada layiqincə müdafiə etdiklərini vurğulayıb. TBMM-in sədri iki ölkə arasında parlamentlərarası əməkdaşlığın önəmindən də söz açıb.
Tahir Budaqov Azərbaycan ilə Türkiyənin “Bir millət, iki dövlət” şüarı əsasında ortaq dəyərlərə, milli maraqlara və ümumi hədəflərə uyğun uğurla fəaliyyət göstərərək strateji müttəfiqlik münasibətlərini dərinləşdirdiklərini diqqətə çatdırıb. O qeyd edib ki, bu gün Türkiyə–Azərbaycan münasibətləri ilk növbədə hər iki ölkənin liderləri – cənab İlham Əliyevlə cənab Rəcəb Tayyib Ərdoğanın iradəsi və səyləri sayəsində inkişaf edir.
YAP Sədrinin müavini 44 günlük Vətən müharibəsinin Azərbaycan ilə Türkiyə arasındakı qardaşlıq münasibətlərinin sarsılmazlığını bir daha sübut etdiyini xüsusi olaraq diqqətə çatdırıb. O, Qarabağda lokal antiterror tədbirləri həyata keçirərək suverenliyini tam bərpa edən ölkəmizin haqlı və ədalətli mövqeyinin qardaş Türkiyə tərəfindən qətiyyətlə müdafiə olunmasının böyük mənəvi-siyasi önəm daşıdığını bildirib.
***
Həmin gün Tahir Budaqov AK Parti Sədrinin birinci müavini, Bursa millət vəkili Efkan Ala, partiyanın xarici əlaqələr üzrə müavini, İstanbul millət vəkili Zafer Sırakaya və Türkiyə Prezidentinin köməkçisi Cevdet Yılmazla da görüşüb.
Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları – YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə, YAP Təftiş Komissiyasının sədri Sevinc Hüseynova, YAP ilə AK Parti arasında əlaqələndirici Ramil Həsən və YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nurlan Qələndərov daxildir.