Azərbaycan xalqına ağır itki üz verib. Dünən görkəmli neftçi-geoloq, Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ömrünün 94-cü ilində dünyasını dəyişib.
Xoşbəxt Yusifzadə 1930-cu il yanvarın 14-də Bakının Pirşağı kəndində anadan olub. 1947-ci ildə orta məktəbi bitirmiş, 1952-ci ildə Azərbaycan Sənaye İnstitutunda ali təhsili neftçi-geoloq ixtisası ilə baş vurmuş soydaşımız 70 ilə yaxın müddətdə ölkəmizdə neft və qaz hasilatının təşkili və tərəqqisi sahəsində misilsiz xidmətlər göstərib. İstedadlı və yurdsevər neft mütəxəssisi kimi Xoşbəxt Yusifzadənin irimiqyaslı, çoxcəhətli elmi-praktik və rəhbər fəaliyyəti sovet dövründə və müstəqillik illərində milli neft sənayemizin parlaq səhifələrini təşkil edir. Onun rəhbərliyi və bilavasitə iştirakı ilə dəniz neft-qaz yataqlarının işlənilməsinin nəzəri əsasları hazırlanıb və uğurla həyata keçirilib.
Dünya şöhrətli neftçi-geoloqun Vətən qarşısında xidmətləri yüksək qiymətləndirilib. O, “Şöhrət”, “Şərəf”, I dərəcəli “Əmək”, “İstiqlal” “Heydər Əliyev” ordenlərinə, bir sıra digər təltiflərə layiq görülüb. Fədakar əməyi, Vətən sevgisi və yorulmaz fəaliyyəti xalqımızın görkəmli oğluna böyük nüfuz və şöhrət qazandırıb.
Allah rəhmət eləsin!