İşğaldan azad olunmuş ərazilərin bərpası Azərbaycanın iqtisadi qüdrətinin nümayişidir

post-img

Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qazandığı parlaq Qələbə dünya hərb tarixində yeni səhifə açdı. Bu möhtəşəm Zəfərlə 30 illik işğala son qoyuldu. Bu gün xalqımız Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurun quruculuq salnaməsini yaradır. Düşmənin 30 il ərzində daşı daş üstdə qoymadığı, talan etdiyi yurd yerlərimiz yenidən qurulur.

Hazırda əksər ölkələrin iqtisadi böhran yaşadığı bir zamanda Azərbaycan böyük bir ərazidə təxirəsalınmaz tikinti-quruculuq işləri aparır. Dövlətin qəbul etdiyi Böyük Qayıdış Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda müasir şəhərsalma tələblərinə cavab verən yaşayış məntəqələri, ən yüksək səviyyədə salınan yeni yollar və müxtəlif infrasrtuktur obyektləri inşa olunur. Artıq işğaldan azad olunmuş ərazilərimizi dünyanın hava məkanları ilə birləşdirən Füzuli və Zəngilan beynəlxalq aeroportları, “ağıllı konsepsiyalar” əsasında yaradılan ən müasir infrastruktur, bir sıra yeni yaşayış komplekslərinin tikintisi uğurla başa çatdırılıb.

Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.

Deputat bildirib ki, bərpa-quruculuq işləri isə Prezident İlham  Əliyevin şəxsi nəzarəti altında həyata keçirilir. Dövlət başçısının işğaldan azad olunmuş ərazilərə müntəzəm səfərləri, aparılan işlərin xüsusi diqqətdə saxlaması bir daha onu göstərir ki, Azərbaycan düşmənin viran etdiyi bu bölgəni dünyanın inkişaf etmiş məkanlarından birinə çevirməkdə qətiyyətlidir. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, Azərbaycan bərpa-quruculuq işlərini heç bir ölkənin və beynəlxalq maliyyə qurumunun köməyi olmadan, təkbaşına həyata keçirir. Bu da ölkəmizin iqtisadi qüdrətinin əyani sübutu, işğaldan azad olunmuş şəhərlərimizin dövlətimizin gücü ilə bərpasının bütün dünyaya nümayişidir.

Sevindirici haldır ki, Azərbaycanın işğaldan azad olunmuş şəhərləri artıq beynəlxalq səviyyəli tədbirlərin keçiriliməsi üçün əlverişli məkana çevrilib. Bu baxımdan İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhərində keçirilmiş incəsənət festivallarını, eləcə də mühüm beynəlxalq tədbirləri qeyd etmək olar. Bundan əlavə, son zamanlar Ağdam, Füzuli və Zəngilan şəhərləri də bir sıra mühüm, yaddaqalan tədbirlərə ev sahibliyi edir.

Növbəti mötəbər beynəlxalq tədbir isə bərpa-quruculuq ünvanı olan Zəngilanda baş tutdu .Yenicə istifadəyə verilmiş Zəngilan Konqres Mərkəzində BMT-nin Məskunlaşma Proqramının, eləcə də Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən və 53 ölkədən gəlmiş 200-ə yaxın qonağın iştirak etdiyi  2-ci Azərbaycan Milli Şəhərsalma Forumunun Ağdamdan sonra Şərqi Zəngəzurda keçirilməsi həm də xüsusi məna kəsb edirdi.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi Zəngilan işğaldan azad olunmuş ərazilərin ilk bölgəsidir ki, artıq burada keçmiş məcburi köçkünlər evlərinə qayıdıb. Eyni zamanda, Zəngilan mühüm nəqliyyat dəhlizləri üzərində yerləşir. Bu baxımdan, Zəngilan Beynəlxalq Hava Limanı da bu zərurətdən inşa olundu. Şübhəsiz ki, sözügedən hava limanı təkcə Zəngilanın deyil, bütövlükdə  bölgənin inkişafına töhfələrini verəcək, turizm üçün əlverişli imkanlar yaradacaq.

Ölkəmizin başçısı tədbirdə Zəngilanda aparılan geniş quruculuq prosesindən danışaraq artıq şəhərin Baş Planının təsdiq olunduğunu, infrastruktur layihələrinə böyük vəsait ayrıldığını və 2025-ci ildə şəhərin ilk sakinlərinin tarixi yurd yerinə qayıdacaqlarını, eyni zamanda, hazırda həyata keçirilən və gələcəkdə görüləcək digər quruculuq prosesini diqqətə çatdırmaqla əslində Azərbaycanın iqtisadi qüdrətini nümayiş etdirdi.

Qeyd edək ki,  30 il işğal həyatı yaşayan Zəngilan digər yaşayış məskənlərimiz kimi Ermənistan tərəfindən vəhşicəsinə talan edilərək xarabalığa çevrilib. Düşmən işğal dönəmində Azərbaycanın mədəni irsini təşkil edən mədəniyyət obyektlərini belə, xüsusi qəddarlıqla məhv edib. Bütün bunlara baxmayaraq, bu gün dövlətimizin gücü ilə yurd yerlərimizlə yanaşı, mədəni irsimiz, dağıdılmış dini və mədəniyyət abidələrimiz də bərpa olunaraq yenidən xalqımızın istifadəsinə qaytarılır.

Deputat son olaraq qeyd edib ki, Zəngilanda keçirilən tədbir və Prezidentin çıxışında verdiyi mesajlar bir daha onu göstərdi ki, Azərbaycan Şərqi Zəngəzur və Qarabağ bölgəsini dünyanın inkişaf və tərəqqi mərkəzlərindən birinə çevirmək iradəsini tam qətiyyətlə ortaya qoyub. Müzəffər Ali Baş Komandan İlham Əliyev torpaqların azad olunmasında göstərdiyi tarixi rəşadəti bu bölgənin quruculuğu ilə tamamlayır.

Son xəbərlər