Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlaması

post-img

Azərbaycan Respublikası Qarabağ bölgəsində yaşayan erməni sakinlərin reinteqrasiyası ilə bağlı əməli fəaliyyətə başlayıb. Bununla əlaqədar, Qarabağın erməni sakinləri ilə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov 2023-cü il sentyabrın 21-də, 25-də və 29-da Yevlax və Xocalı şəhərlərində erməni sakinlərin nümayəndələri ilə görüşüb.

Görüşlərdə Azərbaycan Respublika­sının reinteqrasiyaya dair planları təqdim edilib və onun ətrafında müzakirələr apa­rılıb.

Qeyd edilib ki, reinteqrasiya Azər­baycan Respublikasının ərazi bütövlüyü və suverenliyi çərçivəsində Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və beynəlxalq öhdəlikləri əsasında həyata keçirilir. 

Etnik, dini və ya dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azad­lıqlarının bərabərliyinə, o cümlədən hər kəsin təhlükəsizliyinə təminat verilir. 

Hüquqi və idarəetmə sahəsi:

Erməni sakinlərin yaşadıqları ərazilər­də idarəetmə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri vasitəsilə həyata keçirilir. Sakinlər xüsusi nümayəndəliklərin işinə cəlb oluna bilər.

Azərbaycan Respublikasının qanun­vericiliyinə uyğun olaraq, seçkilər vasitə­silə bələdiyyələr formalaşdırılır. 

Sakinlərin vətəndaşlıq məsələləri Azərbaycan Respublikasının Konstitusi­yasına və qanunvericiliyinə uyğun olaraq, müvafiq prosedurlar əsasında həyata ke­çirilir. 

Təhlükəsizlik sahəsi:

Tərk-silah və tərxis prosesi başa çat­dırılır, bütün silahlar sakinlərdən yığılır.

Azərbaycan Respublikasının daxi­li işlər orqanları ərazidə ictimai asayişin qorunmasını və sakinlərin təhlükəsizliyini təmin edir. Sakinlər daxili işlər orqanlarına işə cəlb oluna bilər.

İqtisadi sahə:

Sakinlərin yaşadıqları ərazilərin fizi­ki və sosial infrastruktur təminatı (təhsil, səhiyyə, enerji, qaz, su, yol, rabitə, me­liorasiya və s.) müəyyən müddət ərzində ölkə üzrə orta göstəricilər səviyyəsinə çatdırılır.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında iqtisadi inkişafın sürətləndi­rilməsi məqsədilə tətbiq edilən xüsusi iqti­sadi rejim ilə bağlı təşviq paketi, o cümlə­dən vergi və gömrük güzəştləri sakinlərin yaşadıqları ərazilərə şamil olunur.

Azərbaycan Respublikasının milli val­yutasının tam tədavülə keçməsi təmin edilir. 

Sakinlərin yaşadıqları ərazilərdə sa­hibkarlıq fəaliyyəti üçün dəstək tədbirləri həyata keçirilir. Ölkədə sahibkarlıq sub­yektlərinin maliyyəyə çıxış imkanlarının artırılması ilə bağlı tətbiq olunan güzəştli kreditlər, faizlərin subsidiyalaşdırılması, kreditlərə zəmanətin verilməsi və digər maliyyə alətləri sakinlərin yaşadıqları əra­zilərə şamil olunur.

Fermerlərə subsidiyalar verilir və on­lar torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilir.

Mülkiyyət məsələləri Azərbaycan Respublikasının qanunlarına uyğun ola­raq tənzimlənir.

Sosial sahə:

Sakinlər ölkə üzrə əməyin ödənişi və sosial ödənişlər sistemi ilə əhatə olunur. 

Sakinlərə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında sosial sahədə tətbiq olunan güzəştlər, sosial xidmətlər və məş­ğulluq proqramları şamil edilir.

Sakinlər səyyar xidmətlərdən (Səyyar ASAN və Səyyar DOST) faydalanırlar.

Mədəniyyət, təhsil və din sahəsi:

Sakinlərin öz mədəniyyətini, etnik-mə­dəni xüsusiyyətlərini qorumaq və inkişaf etdirmək hüququ təmin edilir.

Dini etiqad azadlığı, mədəni və dini abidələrin mühafizəsi təmin olunur.

Erməni dilinin istifadəsinə imkan ya­radılır.

Reinteqrasiyanın praktiki icrası ilə bağlı erməni sakinlərin nümayəndələri ilə təmaslar davam etdiriləcək.

Son xəbərlər