Azərbaycan xalqının XX əsrdə ən böyük tarixi nailiyyəti olan dövlət müstəqilliyi əzablı və keşməkeşli prosesdən keçib. Əsrin sonunda yaranmış tarixi- siyasi şərait Sovet İttifaqının dağılmasını labüdləşdirdiyi halda yarıtmaz rəhbərlik sayəsində iqtisadi, mədəni və həyatın bütün sahələrində ön sırada olan Azərbaycan tam çökdürülmüş vəziyyətə düşmüşdü. İqtisadi- sosial böhran həm də
siyasi xaosla müşahidə olunur və yaranmış situasiyadan istifadə edən mənfur düşmən torpaqlarımızı işğal etmişdi. Həmin dövrdə davam edən milli faciə prosesi 1993-cü ilin ortalarında elə bir həddə çatmışdı ki, nəinki dövlət müstəqilliyi, hətta bütövlükdə dövlətimiz və xalqımız məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdı. Azərbaycanın bu durumdan çıxışı möcüzəyə bənzəsə də, xalqın yaddaşında liderlik məqamını fəth etmiş tarixi şəxsiyyətin proseslərə müdaxiləsi gedişatı tamamilə dəyişdi. Belə ki, 1993-cü ilin ağır günlərində xalqın təkidli tələbi ilə Bakıya gələn Ümummilli Lider Heydər Əliyev xilaskar olaraq dövlətin və Vətənin qurtuluş mücadiləsinə başladı. 1993-cü il oktyabrın 3-də xalqın mütləq əksəriyyətinin səsi ilə Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi və taleyüklü bu seçimlə bugünkü qüdrətli dövlətin təməli qoyuldu. Əslində, 3 oktyabr 1993-cü ildə xalqın seçimi həm də tarixi ədalətin bərpası idi. Çünki dahi rəhbər hələ sovet dönəmində Azərbaycanı idarə edərkən böyük siyasi uzaqgörənliklə dövlət müstəqilliyinin iqtisadi, mədəni və ideoloji təməllərini yaradaraq mümkün tarixi fürsətin bütün hazırlıqlarını görmüşdü. Ölkəmizin düşmənlərinin əli və qara əməlləri ilə xalq liderinin siyasi hakimiyyətdən uzaqlaşdırılmasından sonra bütün sahələrdəki intibah böhranla əvəzlənmişdi.
Bunun məntiqi sonluğu kimi 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Dövlətin suveren mövcudluğuna təhdid yaradan bütün amillər həmin dövrdə dövlətə səriştəsiz və naşı şəxslərin rəhbərlik etməsinə görə baş verirdi. Hər kəs üçün tam aydın həqiqət idi ki, müstəqillik qazanılan zamanda böyük siyasi xadim Heydər Əliyev xalqın və dövlətin rəhbərliyində olsaydı, nə 20 Yanvar, nə Xocalı qətliamları baş verməz, ölkə ərazisinin 20 faizi işğal edilməz, bir sözlə, dövlət müstəqilliyimiz əzablı yollarla deyil, inkişaf və tərəqqi ilə müşayiət olunardı. Məhz bu həqiqətə görə idi ki, xalq 3 oktyabr seçkisində öz taleyini gerçək liderinə haqlı olaraq etibar etdi. Beləliklə, Ulu Öndər Azərbaycan Respublikasının Prezidenti kimi dövlətə və xalqa sədaqət andı içərək ölkədə sabitliyin yaranmasının, iqtisadi inkişaf və tərəqqi yoluna çıxmasının əsasını qoydu. Azərbaycan Prezidenti kimi Ümummilli Liderin andiçmə mərasimindəki nitqində dediyi “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm" sözləri bütün anlamda öz təsdiqini tapdı.
Qeyd edək ki, 1993-cü ilin oktyabrında dövlət başçısı seçilən Ümummilli Liderin qısa müddətdə əldə etdiyi uğurlar tarixdə heç bir proseslə müqayisə oluna bilməz. Ulu Öndər ilk növbədə ölkəni vətəndaş müharibəsindən xilas etdi, qeyri-qanuni silahlı dəstələri zərərsizləşdirdi, dövlət çevrilişlərinin qarşısını aldı və ölkədə ictimai-siyasi sabitlik yaratdı. Bununla paralel olaraq Ermənistan silahlı qüvvələrinin ardıcıl işğal prosesi dayandırıldı və nizami ordu quruculuğuna başlanıldı.
1993- cü ilin oktyabrından əsası qoyulan dinamik inkişaf prosesi Azərbaycan dövlətinin gələcək tərəqqisinin təməlini qoydu.
Ulu Öndər Heydər Əliyevin özünəməxsus siyasi gedişləri sayəsində qısa müddətdə ölkə iqtisadiyyatına xarici investorlar cəlb olundu. Bütün təzyiqlərə rəğmən xalqımızın böyük oğlu Heydər Əliyev “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu.
Bununla da Azərbaycanın beynəlxalq iqtisadi münasibətlər sistemində mühüm mövqeyi təsbit olundu.
Ümummilli Liderin qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasət adamı kimi bütün fəaliyyəti boyu xalq məhəbbətini özünə əsas prinsip seçməsi onun tarixdə əvəzolunmaz dövlət rəhbəri obrazının mühüm ştrixləridir. Bütün siyasi hədəflərində xalq və dövlət maraqlarını hər şeydən üstün tutduğundandır ki, Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində kiçik bir ölkə dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. Dahi rəhbərin əsasını qoyduğu siyasi kurs dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqiyə nail olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxdığı üçün bu yolun ən layiqli davamçısı Prezident İlham Əliyev dünya siyasi arenasına qüdrətli Azərbaycan dövlətini təqdim etdi. Müstəqil Azərbaycan dövlətinin 3 oktyabr prezident seçkiləri ilə başlayan quruculuq və inkişaf yolunu İlham Əliyev Müzəffər Ali Baş Komandan və Qalib Prezident kimi daha şanlı və qürurlu dövlət olaraq davam etdirir. 30 il öncə Azərbaycan Prezidenti seçilən unudulmaz rəhbərin arzu və istəkləri bu gün həyata keçmişdir. Bu gün ərazi bütövlüyünü bərpa etmiş, iqtisadi və siyasi baxımdan qüdrətli dövlətin vətəndaşı olaraq yaşadığımız qürur və xoşbəxtliyə görə hər birimiz Ulu Öndərə borcluyuq. Azərbaycan var olduqca Ümummilli Lider də bu xalqın xilaskarı kimi daim qəlblərdə yaşayacaq.
Amin İsmayılov,
AMEA-nın müxbir üzvü, professor,
YAP İdarə Heyətinin üzvü