Mədəniyyət Mərkəzində Azərbaycan kinosu günlərinin açılışı olub

post-img

     Özbəkistanda “İpək Yolunun mirvarisi” adlı XV Daşkənd Beynəlxalq kinofestivalı çərçivəsində Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) Azərbaycan kinosu günlərinin açılışı olub.

“Özbəkkino”, Özbəkistan və Azərbaycanın mədəniyyət nazirliklərinin təmsilçiləri və AMM-nin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Azərbaycan mədəniyyət nazirinin müşaviri Orxan Fikrətoğlunun  rəhbərliyi ilə festivala gələn nümayəndə heyəti də iştirak edib.

     Əvvəl festivala Bakıdan gələn qonaqlar və iştirakçılar Ulu Öndər  Heydər Əliyevin mərkəzin qarşısındakı abidəsi önünə, Şəhidlər bağına əklillər və gül dəstələri qoyublar. 

     Sonra onlar mərkəzin foyesində Azərbaycan kinosunun uğurlarından bəhs edən stendə və  kitab, foto və suvenirlərdən ibarət sərgiyə tamaşa ediblər. Qonaqlar Azərbaycanın tarixi, mədəniyyəti, ədəbiyyatına dair çap olunan nəşrlər, habelə ölkəmizin təbliğinə dair Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan xalqının  ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlarla bağlı nəşrlərə baxıblar.

Tədbirdə Azərbaycan Milli Məclisi Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevanın vəfatı ilə bağlı Özbəkistan mədəniyyət naziri Azodbek Nazarbekovun başsağlığı oxunub, iştirakçılar Qənirə Paşayevanın ruhunu bir dəqiqəlik sükutla yad ediblər. 

     AMM-nin direktoru Samir Abbasov qonaqları və iştirakçıları salamlayıb, bildirib ki, Azərbaycan və Özbəkistan dövlətlərinin rəhbərləri İlham Əliyevlə Şavkat Mirziyoyevin vaxtaşırı görüşləri və səfərləri ölkələrimiz arasında bütün sahələrdə münasibətlərin inkişafına təkan verib. Direktor vaxtaşırı Mədəniyyət Mərkəzində keçirilən Azərbaycan kinosu günləri haqqında söhbət açıb. Bu il Azərbaycan kinosunun 125 illiyinin keçirilməsindən danışan natiq qeyd edib ki, milli kinomuz bu illər ərzində azərbaycançılığa, milli düşüncəyə və ideologiyaya xidmət edərək mədəniyyətimizə mühüm töhfələr verib. 

 O deyib ki, “Arşın mal alan”, “Qaynana”,”Əhməd haradadır” kimi klassik filmlərimiz Özbəkistanda çox məşhurdur və tez-tez ölkə telekanallarında nümayiş etdirilir. 

     44 günlük Vətən müharibəsindən, torpaqlarımızın erməni işğalından azad edilməsindən danışan S. Abbasov qeyd edib ki, Azərbaycan kinematoqrafçıları bu istiqamətdə mühüm işlər görüb və hələ qarşıda həyata keçiriləsi çoxlu layihə var. 

     Orxan Fikrətoğlu Azərbaycan-Özbəkistan əlaqələri, kino sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsindən danışıb. O deyib ki, bu gün burada Elçin Musaoğlunun “Məryəm” filmi göstəriləcək və  filmi bu günlərdə dünyasını dəyişən millət vəkili Qənirə Paşayevanın ruhuna itfah etməyimiz düzgün olardı.

     Filmin rejissoru Elçin Musaoğlu film üzərindəki işindən danışıb, bu tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib, belə mədəni tədbirlərin daha da çox keçirilməsinin vacibliyini vurğulayıb.

     Özbəkistandakı “Kino Muzeyi”nin direktoru Gülnara Maxmudova ölkələrimiz arasında əlaqələrin dərinləşdirilməsində mədəni sahədə əməkdaşlığın böyük rolu olduğunu bildirib, klassik və müasir filmlər haqqında materialların qorunması istiqamətində görülən işlərdən danışıb. 

Qulu Kəngərli

“Xalq qəzeti”nin xüsusi müxbiri

Daşkənd       

 

 

 









Mədəniyyət