BBC radiosunda Qarabağda yaxşılaşmadan danışılıb

post-img

Böyük Britaniyanın BBC radiosunun Dünya Xidməti “Həftəsonu” verilişində Azərbaycanın Qarabağ bölgəsində aparılan lokal antiterror tədbirlərindən sonra yaranmış vəziyyətlə bağlı reportaj və Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla müsahibə yayımlanıb.

E. Əmirbəyov müsahibəsində, ilk növ­bədə, son günlərdə antiterror tədbirləri dayandırıldıqdan sonra görülən işlərə, Qarabağın erməni əhalisinə göstərilən humanitar yardıma diqqət çəkib. Qeyd edilib ki, Azərbaycan tərəfi bölgədəki erməni əhalisinin reinteqrasiyası üçün ardıcıl addımlar atır, eyni zamanda, hu­manitar vəziyyəti yaxşılaşdırmaq məqsə­dilə əraziyə ərzaq, dərman və digər zəruri malların çatdırılması həyata keçi­rilir. Azərbaycan hökumətinin Xankəndiyə göndərdiyi 50 ton yük artıq yerli erməni əhalisinə paylanılıb, Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə yaralıların daşın­ması təmin edilib. Xüsusilə diqqətə çatdı­rılıb ki, Qarabağda erməni əhalisinin sayı şişirdilmiş şəkildə 120 min nəfər təqdim olunsa da, reallıqda orada yaşayanların sayı 50 min nəfərdən çox deyil.

Xüsusi tapşırıqlar üzrə nümayəndə diqqətə çatdırıb ki, Azərbaycan Ermə­nistanın öz öhdəliklərini tam yerinə yetir­məsini, silahlı birləşmələrinin qalıqlarını Azərbaycan ərazisindən çıxarmasını istə­yir. Bu proses artıq başlayıb və ilk silahlı dəstələr tərk-silah edilir. Bildirilib ki, kö­nüllü təslim olan silahlılar, həmçinin mül­ki əhalinin Ermənistan ərazisinə sərbəst keçidi təmin olunacaq, vəziyyət tədricən sabitliyə doğru irəliləyəcək. Etimadın “bazardan satın alınmadığını” bildirən E. Əmirbəyov bu prosesin etimad üzərin­də qurulmalı olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, yerli əhali ilə birbaşa tə­mas bu etimadın qurulmasını hədəfləyir. Vurğulanıb ki, Azərbaycanın mülki əhali ilə heç bir problemi olmayıb və yoxdur, əsas hədəf Azərbaycan xalqının həyatı üçün riskə çevrilən qanunsuz silahlı bir­ləşmələr və terrorçu qruplaşmalar idi. Bu proses isə artıq başa çatıb. İndi isə əmin olmaq lazımdır ki, erməniəsilli mülki əhali bütün lazımi tələbat malları (ərzaq, dər­man, yanacaq, elektrik enerjisi və sair) ilə təmin olunacaqlarını bilsinlər. Bütün bunlar Azərbaycan hökumətinin təmin et­məyə hazır olduğu məsələlərdir.

Son xəbərlər