Üzeyir Hacıbəylinin sevimli tələbəsi

post-img

Cavid əfəndinin bəstəkar oğlu Ərtoğrul

Görkəmli bəstəkar, musiqişünas-alim, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəyli böyük dramaturq, şair-mütəfəkkir Hüseyn Cavidlə hələ gənclik illərindən dostluq edib. Bu iki mütəfəkkir sənətkarı bir-birinə bağlayan yurd sevgisi, əqidə birliyi olub. 

Amansız repressiyalar sənətkarların çox arzularına son qoydu. Cavid əfəndi həbs olu­nanda oğlu Ərtoğrulun 18, qızı Turanın 14 yaşı vardı. Həmin ağır günlərdə Üzeyir bəy dostu­nun ailəsinə arxa durdu. Baxmayaraq ki, çox qorxulu, təhlükəli zaman idi. “Xalq düşmənlə­ri”nin ailələrinə yaxın insanlar da təqib olunur­dular. Hətta Üzeyir bəyin də başı üzərində belə bir kabus dolanmaqda idi. Lakin bütün bunlara baxmayaraq, Üzeyir Hacıbəyli Cavidin ailəsinə daim mənəvi və maddi dayaq oldu. Öz qayğısı­nı, himayəsini onlardan əsirgəmədi.

Böyük dramaturqun istedadlı oğlu Ərtoğrul Cavid 1940-cı ildə Pedaqoji İnstitutu bitirdikdən sonra Azərbaycan Dövlət Konservatoriyasına daxil olmuşdu. O, 1941–1942-ci illərdə Üzeyir bəyin sinfində bəstəkarlıqdan dərs almış, özünü çox istedadlı və bacarıqlı tələbə kimi göstərmiş, Üzeyir bəyin sevimlisinə çevrilmişdi.

Ərtoğrul Cavidin gələcəyinə Üzeyir bəy bö­yük ümid bəsləyirdi. Qeyri-adi istedad sahibi olan bu gənc həm də Konservatoriyanın Musiqi Elmi–Tədqiqat Kabinetində çalışaraq xalq ya­radıcılığı nümunələrinin toplanması, folklorun nota salınması ilə məşğul olurdu. 

Daim Azərbaycanın, milli mədəniyyətimizin gələcəyini düşünən Üzeyir Hacıbəylinin Cavid əfəndinin istedadlı oğlunun gələcəkdə böyük bəstəkar kimi şöhrət qazanacağına inanırdı. Ərtoğrul Cavid gənc yaşında xeyli musiqi əsəri yazmışdı. İlk əsərlərindən birini – “Doqquz varia­siya”nı sevimli müəlliminə həsr etmişdi. Bundan əlavə, onun Azərbaycan el havaları əsasında yazdığı “Üç prelüd” (“Çal-oyna”, “Aşıqsayağı”, “Yallı”), iki uşaq miniatürü, anasına ithaf etdiyi “Naxçıvan mənzərələri” adlı 2 musiqi lövhəsini (“Zəngəzur dağlarında”, “Batabat yaylaqların­da”), “Sonatina”, skripka və fortepiano üçün “Poema”, Nigar Rəfibəylinin şeirinə yazdığı “Eşq olsun” mahnısı və s. əsərlərini göstərmək olar. Bunlar Ərtoğrulun yazıb tamamladığı əsər­lərdir. Lakin onun yarımçıq qalmış musiqiləri də var. Gənc bəstəkarın böyük simfonik orkestrin müşayiəti ilə lirik-dramatik tenor səsi üçün “Ro­mans-kapriççio” (sözləri Nizaminin), “Şeyx Sə­nan”, “Məhsəti” operaları, “Babəkin andı” sim­fonik poeması və bir sıra kamera-instrumental əsərləri tamamlanmayıb. 

Ərtoğrul Cavid bəzi Avropa və rus bəstə­karlarının əsərlərinin mətnlərini də Azərbaycan dilinə uğurla tərcümə edib. Şubert, Cordani, Şopen, Motsart, Ştraus, Rimski-Korsakov, Rax­maninov, Qreçaninov və başqalarının məşhur əsərləri bu qəbildəndir. Təəssüf ki, bu əsərlərin nəşri zamanı tərcüməçi kimi Ərtoğrul Cavidin adı qeyd olunmayıb. Xalq yazıçısı Anar “Bö­yük sənətkarın sənətkar oğlu” məqaləsində bu barədə bəstəkar Fikrət Əmirova istinadən yazır: “Görürsünüzmü, ədəbi mətn melodiyaya necə yaxşı uyğunlaşdırılıb, axı o, kamil ədəbi savada, biliyə malik idi. Neçə-neçə Avropa və rus bəstəkarlarının romans və mahnı mətnlərini dilimizə ekviritmik tərcümə etmişdir”.

Ərtoğrulu da repressiyaların zərbə dalğası apardı. Konservatoriya tələbəsi olmasına bax­mayaraq, onu əsgərliyə çağırdılar. “Xalq düş­məni”nin oğlunu Gürcüstanda çox ağır tunel tikintisi işlərinə göndərdilər. Orada vərəmə tu­tuldu... Onun müəllimləri Üzeyir bəyə, Bülbülə, anası və bacısına tez qırılan 24 baharlıq həya­tının son aylarında yolladığı məktublarında xə­zana düşmüş ümidlər çırpınır... Təəssüf ki, gənc bəstəkar və tədqiqatçı bir çox arzusunu həyata keçirə bilmədi. Əcəl macal vermədi. 

Yazdığı məktublarda Ərtoğrul ailəsinə yar­dım üçün yalnız əziz müəllimi Üzeyir bəyə mü­raciət edirdi. O, xeyirxah saydığı dahi bəstəkara bir neçə məktub göndərib, anası Mişkinaz xanı­mın və bacısı Turanın işlə təminatında yardımçı olmağı xahiş edib. Kimsəsiz əzizlərinin fikrini çəkən 23 yaşlı Ərtoğrul yeganə ümid yeri se­vimli müəllimi idi. Amma nigaran oğul və qardaş bilmirdi ki, peyğəmbər kimi insan olan Üzeyir bəy onsuz da Cavid əfəndinin ailəsi üçün müm­kün olan hər şeyi edirdi. Hüseyn Cavid həbs olunduqdan sonra qohumlarının belə üz dön­dərdiyi ailəsi, başda Üzeyir bəy olmaqla, yalnız bir neçə nəfərdən himayə görürdü.

Cavid əfəndinin yadigarı Turan Cavidi Döv­lət Radio Komitəsində ilk dəfə işə düzəldən də Üzeyir bəy olub. Bu barədə Turan xanım hə­mişə iftixarla danışardı. Turan Cavidin bununla bağlı və başqa etirafları Azər Turanın “Cavid əfəndi...” kitabında da yer alıb. 

Üzeyir bəy heç vaxt ikili həyat yaşamayıb. Onun bir üzü və bir sözü vardı: Olduğu kimi görünmüş, göründüyü kimi olmuşdu. Elə bu baxımdan da Cavidlər ailəsinə münasibəti daim xeyirxahlıq olmuşdu. Hüseyn Cavid kimi bir sənətkarın itkisinə həmişə qəlbi ağrımışdı. 

Əgər dahi bəstəkarın şagirdi Ərtoğrul Cavid yaşasaydı, nə qədər qiymətli əsərlər yazacaqdı. Amma xalqımızın düşmənləri buna imkan ver­mədilər. Repressiyanın davamı olaraq Hüseyn Cavidin yeganə oğlunu da məhv etdilər...

Gülbəniz BABAXANLI,
Hüseyn Cavid Ev-Muzeyinin direktoru,
filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi



Mədəniyyət