Səsin əbədiyaşarlıq zirvəsi

post-img

Firəngiz Əhmədova – 95

Düz 12 ildir ki, o, aramızda yoxdur. Amma səsi, xatirəsi yaşayır. Çünki o, nadir tembrli, geniş diapazonlu, güclü və məlahətli səsi ilə seçilən sənətkar, opera səhnəmizin ilk qadın ifaçılarından biri idi. “Koroğlu” operasında Nigar, “Şah İsmayıl”da Gülzar, “Nərgiz”də Nərgiz, “Sevil”də Sevil rollarının mahir ifaçısı olsa da, Firəngiz Əhmədova adını sənətə yazaraq könüllərdə taxt-tac qurmuşdu. 

...Uşaq idik və evimiz üçün televizor yenicə alınmışdı. “Möcüzəli qutu”da onun – SSRİ Xalq artisti Firəngiz Əhmədova­nın ifaları səslənəndə (özü də bu, həftə­də 1-2 dəfə olurdu) hamı qulaq kəsilərdi. Mən vokal musiqisini anlamadığım üçün bir dəfə “O, niyə qışqırır?”, – deyə soruş­dum. Anam cavab verdi ki, qışqırmır, ay bala, səsini ləpələndirir, dalğa-dalğa qal­dırıb-endirir. Yenə başa düşməsəm də, daha heç nə demədim. Amma sonralar anlayışlarım genişləndikcə anamın onun ifalarını necə obrazlı dəyərləndirdiyini dərk elədim və şaqraq səsinin sehrinə düşdüm. 

Onun ifasında Üzeyir Hacıbəylinin “Sənsiz”, Asəf Zeynallının “Ölkəm”, Ni­yazinin “Arzu”, Əşrəf Abbasovun “Hey­ran olmuşam”, Ağabacı Rzayevanın “Oxu, gözəl“ romansları bir ayrı lətafət qazanırdı. Çünki opera müğənnisi olsa da, səsində kökdən gələn bir lirizm var­dı. Amma çoxları bilmir ki, konservatori­yanın 1-ci kursunda oxuyanda Firəngiz Əhmədova muğam dərsindən “2” alıb. Bu barədə öz xatirələrində söz açıb: “İlk semestrdə bu fəndən “2” almışdım. Gön­dərişlə yenidən imtahana gələndə mər­hum pedaqoq Soltan Hacıbəyli Nigarın ariyasını çalıb məndən soruşdu ki, bu musiqi hansı muğam üstündə bəstələ­nib? Cavab verdim ki, “Segah“ muğamı üstündə. Və imtahandan “5” aldım. Bun­dan sonra mən anladım ki, Azərbaycan opera müğənnisi milli lirizmləri unutma­malıdır”. 

Nə gizlədim, mən Firəngiz Əhmədo­vanın nə canlı konsertlərini, nə də opera­larda çıxışlarını izləmişəm. Yalnız 2011-ci ilin soyuq bir dekabr günündə ondan ötrü öz evi hesab etdiyi Opera və Balet Teatrı­na getmişəm, onda da son dəfə səhnəyə çıxıb. Çünki dünyasını dəyişmişdi və ora­da vida mərasimi keçirilirdi. 

Həmin hüznlü gündə ilk çıxış edən Xalq yazıçısı Elçin Əfəndiyev onu Azər­baycan mədəniyyətinin ən görkəmli si­malarından biri saydığını söylədi.

Vərəqləri saralmış qeyd dəftər­çəmdən qısa sətirlər:

Elçin Əfəndiyev: “Firəngiz xanım operalarla bərabər, kamera əsərlərinin və romansların bənzərsiz ifaçısı olaraq da tanınıb. O, Azərbaycan mədəniyyəti­nin böyük bir epoxasının son magikanla­rından biri idi”.

Arif Məlikov: “Firəngiz xanım özün­dən sonra iz qoyan bir sənətkar olduğun­dan millətin yaddaşında daim yaşaya­caq”.

Fidan Qasımova: “Çox gözəl, lirik, romantik sopranoya malik Firəngiz Əh­mədova opera üçün ən çətin sayılan qa­dın obrazlarını oynayıb”. 

Canəli Əkbərov: “Firəngiz Əhmədo­vanın səsində xüsusi parlaqlıq var idi. O, öz səs möhürü ilə çox söz deyə bildi”. 

Üzeyir Hacıbəyli XV Beynəlxalq Mu­siqi Festivalının keçirildiyi bu günlərdə Firəngiz Əhmədovanın 95 yaşı tamam olur. Onun haqqında sanballı vikipedik məlumat var. Təkcə bir faktı xatırlatmaq istəyirik ki, Azərbaycan musiqisinin şöh­rətini dünyaya yaymış Firəngiz Əhmədo­va 1998-ci ildə mədəniyyətimizin böyük qayğıkeşi olan Prezident Heydər Əliyevin fərmanı ilə halal şöhrətinin rəsmi təsdiqi olan “Şöhrət” ordeninə layiq görülüb.

Ə.ƏLİYEV
XQ

Mədəniyyət