Acı tale, şirin ümid

post-img

Qarabağ savaşı ekranda

 

Bir qadının həyatına müharibə necə təsir edə bilər? Xəyal Rzanın “Maya” filmi bu suala cavab cəhdidir. Bu film hər iki Qarabağ savaşının “yükünü” çiyinlərində daşımış Maya Quliyevanın hekayətindən ibarətdir. 

Statik kameranın önündə öz həyatını danışan Maya bütün gerçəkləri boyasız-filansız, öz həqiqi rəngində dilə gətirir. Onun monoloqu ağrı-acı ilə doludur. Gənc yaşın­da atasını itirən, işsiz qalmış anasının öhdəsindəki ailədə böyüyən Maya nə uşaqlıq, nə də gənclik zövqlərini dad­mayıb. Doğulduğu Ağdamdan uzaq düşməyə məcbur olub. Köçkünlük həyatı onu çox sınaqlara çəkib. Filmdə yaxın tariximizin acı həqiqətləri hər rakursdan işıqlandırılır. 

Maya bizə meqapolis olan Bakıya ilk dəfə gələn, müəy­yən çaşqınlıqlar, sarsıntılar keçirən köçkün insanların çətin günlərini də çəkinmədən anladır. Divarları adi parçadan olan, od düşüncə alışıb-yanan çadır “ev”lərdə yaşayan adamların yarızülmət həyatı göz önündə canlanır. Belə şəraitdə yaşayan Maya erkən ərə getməli olur. Qaçqın­lar üçün yardım paylayan bir qurumda işləyən ərəb əsilli Mahmud Hassan onunla evlənir. İlk vaxtlar özünü nisbətən xoşbəxt saysa da, Azərbaycan və ərəb cəmiyyətlərindəki fərq Mayanın həyatına təsirsiz ötüşmür. Bərdə çadır şəhər­ciyindən bina evinə köçərək, yaşayış yerini dəyişsə də, acıları dəyişməz qalır. 

Ailə həyatında dünyagörü­şü başqa olan Mahmudla çox­lu mübahisələri düşür. Axırda o, çək-çevirlərə dözməyərək, Mahmuddan ayrılmalı olur. İki oğul övladı olan ana yenə də çətinliklər girdabında çabalayır. Amma dözüb durur. Tədricən böyük oğlu Xalid onun üçün, özünün dediyi kimi, ilk növbə­də qardaş, dost rolunu oynayır. Amma Xalid Vətən müharibə­sinə yollanır və şəhid olur… 

Maya oğlu Xalidin şəhidli­yindən yana-yana danışsa da, səbrli görünür. Bu da onun daxili aləmindən boy göstərən inanca bağlı məsələdir. Bütün varlığı ilə oğlunun cənnət­məkan olmasından təsəlli alır. Xalidin müharibəyə könüllü qoşularaq Azərbaycan və “Qarabağ” futbol komandasının bayraqlarını özü ilə əmanət kimi aparması onun parlaq obrazını əks etdirir. Xalidin ən böyük arzusu bu bayraqla­rı Şuşada dalğalandırmaq idi. Amma Zəfər gününə 5 gün qalmış o, şəhadətə yüksəlir. 

Maya yenidən yaşamaq uğrunda mücadilə edir, çə­tinliklərə sinə gərir. Özü üçün deyil, kiçik oğlu Ömərin və Xalidindən yadigar qalan Məryəmin xatirinə yaşamalı ol­duğunu bilir. 

Sonda savaş ağrıları ilə qıvrılan, yaraları sağalmayan Maya nəvəsi Məryəmə bir göyərçini əmanət verir. Sülhün rəmzi olan quş gələcək qadının bu həyatda savaş acısını çəkməməsi diləyini ifadə edir… 

“Maya” filmi bütövlükdə müharibələrin insan həyatına təsiri haqqında düşündürücü filmdir. Ekran işində Vətənə sevgi hissi təbii şəkildə əksini tapıb. Filmdən gəlinən nə­ticə bundan ibarətdir ki, həyatda sülh hər şeydən vacibdir. Xəyal Rzanın filmi dünyada sülh arzusunu gerçəkləşdirən ekran işidir. 

Ceyhun MİRZƏLİ

Mədəniyyət