Azərbaycanın reinteqrasiya çalışmalarına maneçilik törədənlər cəzalandırılmalıdır

post-img

Azərbaycanın dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq Qarabağdakı separatçı-terrorçu xunta rejimi və qanunsuz erməni silahlı birləşmələri ölkəmizin konstitusion quruluşuna zidd olan fəaliyyətlərini davam etdirirlər. Ermənistan ordusunun Qarabağdakı qalıqları, onların fəaliyyətləri cavabsız qala bilməzdi. 

Bu fikirləri siyasi şərhçi, “Müasir İnkişaf “Birliyinin sədri Mübariz Göyüşlü bildirib. O qeyd edib ki, Rusiya Federasiyasının sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində qanunsuz şəkildə qalmaqda olan Ermənistan silahlı qüvvələri 19 sentyabr 2023-cü il tarixində erkən saatlarda Xocavənd rayonunda minalardan istifadə etməklə törətdiyi diversiya hücumları nəticəsində 14 azərbaycanlını qətlə yetirmişdir. Erməni hərbi birləşmələri bundan əlavə, Azərbaycan ordusunun mövqelərini atəşə tutması nəticəsində iki nəfər hərbi qulluqçu yaralanıb. Baş vermiş bu hadisələr Ermənistanın 2020-ci ilin noyabr ayında imzaladığı bəyanata zidd fəaliyyətinin, ərazimizdə hələ də qanunsuz silahlı birləşmələr saxlamağının, öhdəliklərindən imtina etməsinin göstəricisidir. 

M. Göyüşlü qeyd edib ki, Azərbaycanın reinteqrasiya çalışmalarına mane olan qanunsuz rejim və onu dəstəkləyən Ermənistan bölgədə separatizm ocağını saxlamağa çalışır. Bu Ermənistanın Azərbaycan ərazilərinə iddiasını davam etdirmə cəhdidir. Azərbaycanın yaratdığı şəraiti düzgün dəyərləndirə bilməyən, sülh danışıqlarının məntiqi sonluqla bitməsinə mane olan Ermənistan təxribat əməllərinə davam edir. Təbii ki, Azərbaycan dövləti və Ordusu buna biganə qala bilməz. Məhz bu səbəbdən də Qarabağda Azərbaycanın konstitusiya quruluşunun bərpası uğrunda lokal xarakterli antiterror tədbirləri başlayıb. Ermənistan BMT Nizamnaməsinə, beynəlxalq hüquqa əməl edərək bizim ərazilərimizdən öz qanunsuz silahlı birləşmələrini çıxarmalı və oradakaı separatçı rejim ləğv edilməlidir. Öz doğma yurdlarından qovulmuş azərbaycanlılar Xankəndi və ətraf ərazilərə qayıtmalı, oradakı erməni sakinlər Azərbaycan vətəndaşlığı altında yaşamını davam etdirməli, bölgəmiz nəhayət ki, gərginlikdən, erməni terror və təxribatından azad olmalıdır.

Anar ƏLİ
XQ

Son xəbərlər