İranın yeni Baş prokuroru ilk xarici səfərində Azərbaycana gəlib

post-img

Ölkəmizdə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Baş prokurorlarının 4-cü iclasında iştirak etmək üçün Baş prokuror Kamran Əliyevin dəvəti ilə İran İslam Respublikasının Baş prokuroru Mohammad Kazem Movahedi-Azad ölkəmizə işgüzar səfərə gəlib. 

Bu gün Baş Prokurorluqda keçirilmiş görüşdə Azərbaycan ilə İran prokurorluq­ları arasında işgüzar əlaqələrin inkişaf etdirilməsinə yönələn tədbirlərin əhəmiy­yətindən bəhs edən Azərbaycanın Baş prokuroru ikitərəfli əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə ümidvar olduğunu bildirib. Azərbaycanın Tehran­dakı səfirliyinə qarşı terror aktı törətmiş şəxsin mühakimə edilməsi ilə bağlı İran prokurorluq orqanlarının açıqlamasını bu istiqamətdə mühüm addım kimi qiymət­ləndirib. 

Mohammad Kazem Movahedi-Azad hüquqi əməkdaşlıq sahəsində təmsil et­diyi qurumun Azərbaycanla əlaqələrin in­kişafına böyük önəm verdiyini, həmçinin Baş prokuror kimi ilk xarici səfərini Azər­baycana etməsindən məmnunluğunu, səfirliyimizə hücumla bağlı cinayət işinin nəzarətində olduğunu, həmin işin məh­kəməyə göndərildiyini və iş üzrə ədalətli qərar qəbul ediləcəyini bildirib.

Görüşdə iki ölkə arasında hüquqi əməkdaşlıq, o cümlədən, ekstradisiya, məhkumların verilməsi, narkotik va­sitələrin qanunsuz dövriyyəsi, ekoloji hüquqpozmalar və digər maraq kəsb edən mövzular müzakirə edilərək bu sahədə məlumat mübadiləsinin vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparı­lıb. Eləcə də beynəlxalq platformalarda, o cümlədən İqtisadi Əməkdaşlıq Təşki­latı çərçivəsində əməkdaşlığın davam etdiriləcəyi bildirilib. Həmçinin İran İslam Respublikasında məhkum edilən Azər­baycan Respublikasının vətəndaşı Fərid Səfərlinin barəsində cinayət işi müzakirə olunub.

XQ

Son xəbərlər