İtkin düşmüş şəhidlərimizin qalıqları torpağa tapşırılıb

post-img

Otuz il əvvəl Füzuli rayonu uğrunda gedən döyüşlərdə itkin düşən şəhid Hüseynov Əli Heydər oğlunun Edilli kəndində kütləvi məzarlıqda aşkarlanan nəşinin qalıqları Füzulinin Aşağı Yağlıvənd kəndində torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları ilə yanaşı, hökumət və ictimaiyyət nümayəndələri, rayon sakinləri, qazilər, şəhid ailələri, döyüş yoldaşları, media nümayəndələri iştirak ediblər.

Şəhid Əli Hüseynovun nəşinin qalıqları Dövlət Himninin sədaları altında torpağa tapşırılıb. Şəhidin nəşinin büküldüyü üçrəngli Azərbaycan bayrağı qardaşına təqdim olunub.

Hüseynov Əli Heydər oğlu 1968-ci il avqust ayında Füzuli rayonu Yuxarı Yağlıvənd kəndində dünyaya göz açıb. Birinci Qarabağ müharibəsi zamanı döyüşlərdə iştirak edib. 1993-cü ilin  avqustunda Füzulidə gedən döyüşlər zamanı itkin düşüb. Ötən illər ərzində isə ailəsi ondan heç bir xəbər ala bilməyib. Hüseynov Əli Heydər oğlunun nəşinin qalıqları keçən il Xocavənd rayonunun Edilli kəndi ərazisində tapılan 12 şəxsin basdırıldığı üçüncü kütləvi məzarlıqda aşkar edilib. Həmin məzarlıqda erməni vəhşiliyinə məruz qalan, məftil və kəndirlərdən istifadə edilməklə əl-ayağı bağlanaraq kütləvi şəkildə basdırılmış 12 insan qalığı tapılıb. Kəllə sümüklərində küt alət izləri, həmçinin güllə və iti alətin deşdiyi izlər müşahidə olunub. Bu faktlar onu göstərir ki, erməni qəsbkarları əsir götürdüyü azərbaycanlıları xüsusi zorakılıqla qətlə yetirib və kütləvi basdıraraq cinayət izlərini ört-basdır etməyə çalışıblar.

***

1993-cü ildə itkin düşən daha bir şəhidimiz Əsəd Məmməd oğlu Məmmədovun qalıqları 30 ildən sonra işğaldan azad edilmiş ərazilərdə qazıntı işləri aparılarkən tapılıb. Onun qalıqları Xocavənd rayonunun Edilli kəndi ərazisindəki kütləvi məzarlıqda aşkarlanıb.

Birinci Qarabağ müharibəsində Füzuli rayonunun Kürdmahmudlu kəndində itkin düşən Əsəd Məmmədovun qalıqları bu gün Ağstafa rayonunun Eynallı kəndində ailəsinə təhvil verilib. 

Eynallı kənd qəbiristanlığında keçirilən vida mərasimində şəhidin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb. 

Əsəd Məmmədovun məzarına tər güllər düzülüb, əklillər qoyulub. 

Üçrəngli Azərbaycan bayrağı şəhidin oğluna təqdim olunub.

 

XQ

 



Son xəbərlər