Ermənilərin səngər qazmaq cəhdi
Sentyabrın 11-i saat 01:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Ağdam rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri qarşısında yeni səngərlər qazmağa cəhd göstəriblər.
Bu barədə XQ-yə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Ordumuzun bölmələri tərəfindən görülən tədbirlər nəticəsində aparılan işlər dayandırılıb.
Mövqelərimiz atəşə tutulub
Gədəbəy istiqamətində Azərbaycan mövqeləri atəşə tutulub.
Bu barədə XQ-yə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.
Belə ki, dünən saat 13:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - məlumatda qeyd olunub.
***
Dünən saat 20:40-da Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Novoivanovka yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan yenidən atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb", - deyə MN-dan bildirilib.
Hərbi pilotların peşəkarlığı artırılır
2023-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.
Havaya qalxma və yerə enmə, kiçik və orta hündürlüklərdə çətin pilotaj manevrləri, şərti düşmənə məxsus yerüstü hədəflərin koordinatlarının təyin edilməsi, hava kəşfiyyatının aparılması, eləcə də plana uyğun olaraq digər fəaliyyətlər yüksək peşəkarlıqla icra olunub.
Qeyd edək ki, hərbi pilotların döyüş vərdişlərinin təkmilləşdirilməsi və peşəkarlığının artırılması məqsədilə keçirilən təlimlər davam edir.
XQ

