Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində Türk Dövlətləri Təşkilatına üzv ölkələrin fövqəladə halların idarə edilməsi üzrə cavabdeh qurumlarına məxsus xilasetmə qüvvə və vasitələrinin iştirakı ilə “Bakı 2023” beynəlxalq təlimi keçirilib.
Təlimdə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, TDT-nin baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin daxili işlər naziri Əli Yerlikaya, Qazaxıstanın fövqəladə hallar naziri general-mayor Sırım Şaripxanov, Özbəkistanın fövqəladə hallar naziri general-mayor Abdulla Kuldaşev, Qırğızıstanın fövqəladə hallar naziri Boobek Ajikeev, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının Baş direktoru Taleh Ziyadov, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov, Şimali Kipr Türk Respublikasının daxili işlər naziri Dursun Oğuz, həmçinin Azərbaycanın Daxili İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Dövlət Sərhəd Xidməti, “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbər vəzifəli şəxsləri də iştirak ediblər.
Əvvəlcə, təlimdə iştirak edən xilasetmə qurumlarının texnika və avadanlıqlarına baxış keçirilib. Sonra təlim qərargahında TDT-yə üzv ölkələrin fövqəladə halların idarə edilməsinə məsul qurumlarının böhranların idarə edilməsi üzrə mərkəzləri ilə videorabitə vasitəsilə əlaqə yaradılıb, aidiyyəti qurumlar tərəfindən təlimlə bağlı görülən işlər barədə məruzələr edilib.
Sonra təlimin praktiki hissəsinə başlanılıb. Təlim planına uyğun olaraq episentri Xəzər dənizində olmaqla, Bakı şəhərindən 110 kilometr cənub-şərqdə dağıdıcı zəlzələ baş verib. Şərti zəlzələ nəticəsində bir sıra şəhər və rayonlarda hündürmərtəbəli binalar və sənaye müəssisələrində dağıntılar yaranıb, infrastruktur şəbəkələri sıradan çıxıb. Vətəndaşlar arasında ölənlərin və dağıntılar altında qalanların olduğu bildirilir.
Şərti hadisə ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə dərhal axtarış-xilasetmə, zəlzələ nəticəsində yaranmış yanğınların söndürülməsi və digər zəruri və təxirəsalınmaz tədbirlərin görülməsinə başlanılır.
Dağıntıların miqyası nəzərə alınaraq yardım üçün edilən müraciət əsasında TDT-yə üzv ölkələrin müvafiq qurumlarının qüvvələri hadisə bölgəsinə göndərilir və yerli qurumlarla birgə zəlzələnin nəticələrinin aradan qaldırılması əməliyyatı icra olunur.
Uğurla reallaşdırılan təlimdə qarşıya qoyulan məqsədlərə nail olunub.
Sonda Azərbaycanın Dövlət bayrağı və TDT-nin bayrağı ilə təlim ərazisi üzərindən uçan FHN-in Aviasiya dəstəsinin və Türkiyə Respublikasının təlimdə iştirak edən helikopterlərinin paradı keçirilib.
Qeyd edək ki, təlimdə TDT ölkələrinin aidiyyəti qurumlarının ümumilikdə 8 helikopteri və 1 amfibiya təyyarəsi, 245 xüsusi təyinatlı texnikası, 6 xüsusi təlim görmüş iti və 1180 nəfərdən ibarət canlı qüvvəsi iştirak edib. Həmçinin təlimdə Azərbaycanın FHN ilə yanaşı, Daxili İşlər Nazirliyi, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi, “Azərbaycan Dəmir Yolları” və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının qüvvələri də iştirak ediblər.