Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında telefon danışığı baş tutub.
C.Bayramov bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq, Ermənistanın Azərbaycana qarşı hərbi-siyasi təxribatlarının, vəziyyəti təhrif edən manipulyasiyalarının artması fonunda bu ölkənin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə istiqamətlənən propaqandasının reallıqları əks etdirmədiyini diqqətə çatdırıb.
Bölgədə guya “çətin humanitar vəziyyət” və “blokada”nın mövcudluğu ilə bağlı əsassız iddialar bəhanəsi ilə ölkəmizin daxili işlərinə, o cümlədən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası səylərinə müdaxilələrin qəbuledilməz olduğu diqqətə çatdırılıb.
Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə erməni sakinlərə yüklərin daşınması, buna paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi barədə əldə edilmiş razılıqların Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən son anda pozulmasının yaranmış vəziyyətin humanitar deyil, siyasi manipulyasiya olduğunu göstərdiyi bildirilib.
Ermənistan tərəfinin sülh prosesini təhdid altında qoyan bəyanat və addımlarına baxmayaraq, normallaşma gündəliyinin irəli aparılmasında qərarlı olduğumuz, lakin bu mövqeyimizə sadiqliyimizin, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn hər hansı təhdidin qarşısını almaq hüququmuza xələl gətirmədiyi diqqətə çatdırılıb.
XQ