Slovakiya parlamentariləri Füzuli və Şuşada

post-img

Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının Sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 6- da Füzuli Beynəlxalq Hava Limanına gedib. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azər­baycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qonaqlara hava limanı haqqında məlu­mat verib. O, Qarabağın “hava qapısı” adlandırılan Füzuli Beynəlxalq Hava Limanının ən müasir səviyyədə inşa olunduğu diqqətə çatdırıb. Bildirib ki, hava limanının müasir infrastrukturla təchiz olunan terminalı saatda ən azı 200 sərnişinin buraxılışına imkan verir. E.Hüseynov, həmçinin Füzulidə gö­rülən və görüləcək işlər barədə slovaki­yalı qonaqlara məlumat verib.

Qeyd olunub ki, baş planda 2040-cı ilədək Füzuli şəhərinin inzibati ərazisinin 1943 hektara, əhalisinin 50 min nəfərə çatdırılması nəzərdə tutulur. Şəhərdə ra­hat və müasir həyat şəraitinin təmin edil­məsi üçün orta və azmərtəbəli yaşayış binaları, həyətyanı torpaq sahələri olan fərdi evlər inşa ediləcək, təhsil, səhiyyə, mədəniyyət, istehsalat müəssisələri və digər təyinatlı zonalar yaradılacaq.

Sonra qonaqlar Füzuli şəhərində er­mənlərin törətdikləri vəhşiliklərlə tanış olublar. Onlara ermənilərin 30 illik işğal dövründə ölkəmizə qarşı törətdikləri ci­nayətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, ermənilər bütün evləri, sosial obyektləri dağıdıb, təsərrüfatları məhv ediblər. Həmçinin ərazilərin Ermənistan tərəfindən minalandırılması, bu istiqamət­də aparılan təmizləmə işləri barədə məlu­mat verilib.

***

Həmin gün slovakiyalı deputatlar Şuşaya səfər ediblər. Qonaqlara şəhər haqqında məlumatlar verilib. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır düzünə qalxıb, canları-qanları bahasına Şuşanı işğaldan azad ediblər. Bu gün Cıdır düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib.

Vətən müharibəsində əldə olunan möhtəşəm Zəfərdən sonra Prezident İlham Əliyev 2021-ci il 7 may tarixli Sərən­camı ilə Şuşa şəhərini ölkənin Mədəniy­yət paytaxtı elan edib. Bu sərəncamla Vaqif Poeziya günləri və “Xarıbülbül” fes­tivalı da bərpa olunub.

Ə.BƏDƏLOV
XQ

Son xəbərlər