Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının büdcə gəlirləri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9,1 milyon manat və ya 10 faiz artaraq 99,2 milyon manat təşkil edib. Bu barədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində bu ilin 7 ayında görülmüş işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclasında qeyd olunub.
Maliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Həsən İsmayılov bildirib ki, büdcənin xərclərində qənaət təmin olunu, ötən ilin eyni dövrü ilə müqayisədə xərclər 47,4 milyon manat (14,1 faiz) azalaraq bu ilin 7 ayında 287,8 milyon manat təşkil edib.
Qeyd olunub ki, gəlirlərin artması və xərclərin azalması hesabına Naxçıvan Muxtar Respublikasının büdcəsinə verilən dotasiyanın miqdarında da nəzərəçarpan azalma təmin edilib. Ötən ilin 7 ayına nisbətən 29 milyon manat az yəni 224 milyon manat məbləğində dotasiya alınıb.
Sonra nazirliyin müvafiq şöbələri tərəfindən 2023-cü ilin 7 ayı ərzində görülmüş işlər barədə məlumat verilib, 2024-cü il və sonrakı üç il üçün büdcə layihələrinin tərtibi, büdcənin icrası və dürüstləşmə barədə çıxışlar dinlənilib.
“Xalq qəzeti”