OPEC-in ölkəmizlə bağlı proqnozu

post-img

Neft hasilatı gündəlik 700 min barel nəzərdə tutulur

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) Azərbaycanda 2023-cü il üçün ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu azaldıb.

OPEC-in aylıq hesabatında daha sonra 2023-cü ildə ölkədə ortalama gündəlik neft və digər maye karbohid­rogenlərin hasilatının 700 min barel sə­viyyəsində olacağı proqnozlaşdırılır. Bu da illik müqayisədə 11 min barel artım deməkdir və öncəki artım tempi üzrə proqnoz göstəricidən 11 min barel az­dır. Qeyd olunur ki, proqnozun azalma­ya doğru korrektə edilməsi may ayında əsas neft yataqlarında hasilatın gözlə­niləndən aşağı olması ilə əlaqədardır.

Hesabata əsasən, 2024-cü il üçün Azərbaycanın maye karbohidrogenlə­rin gündəlik hasilatı 30 min azalaraq (proqnoz dəyişməyib) orta hesabla 7 milyon barel olacağı proqnozlaşdırı­lır. Bildirilir ki, 2022-ci ildə sözügedən göstərici orta hesabla 700 min barel sə­viyyəsində olub, bu da illik müqayisədə 65 min barel azdır.

Yeri gəlmişkən, ABŞ-nin Energetika Nazirliyi yanında Energetika İnforma­siyası Administrasiyası (EIA) Azərbay­canda 2023-2024-cü illər üçün gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu dəyişməyib. EIA-nın aylıq hesabatına görə, gələn il Azərbaycanda gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 650 min barel təşkil edəcəyi ehtimal edilir.

Proqnoza görə, bu il Azərbaycanda gündəlik neft və digər maye karbohid­rogenlərin hasilatı 640 min barel təşkil edəcək. Hesabata əsasən, ötən il ölkə­də gündəlik maye karbohidrogenlərin hasilatı 670 min barel səviyyəsində olub. 2021-ci ildə isə ölkədə gündəlik maye karbohidrogenlərin hasilatı isə 720 min barel səviyyəsində qeydə alın­mışdı. 

Xatırladaq ki, 2019 və 2020-ci illər­də sözügedən göstərici müvafiq olaraq 780 min və 700 min barel səviyyəsində olub.

Sonda “S&P Global Commodity Insights”ın Azərbaycanda neft hasila­tı üzrə proqnozuna da diqqət yetirək. Qurumun apardığı araşdırmaya əsas­lanaraq ölkəmizdə neft hasilatının və­ziyyətini OPEC-in kvotasına uyğun qiymətləndirib. Belə ki, “S&P” iyulda Azərbaycanın neft hasilatının gündə­lik həcmini əvvəlki ayda olduğu kimi, 500 min barel səviyyəsində saxlayıb. Bu göstərici isə OPEC-in kvotasından sutkada 184 min barel geri qalır. Ölkə­mizin gündəlik neft hasilatı üzrə kvotası 684 min bareldir.

Araşdırmaya əsasən, Səudiyyə Ərəbistanı könüllü olaraq hasilatı sut­kada 9,05 milyon barelə endirdikdən sonra OPEC+ iyul ayında xam neft hasilatını, təxminən, iki ilin minimum səviyyəsinə endirib. Səudiyyə Ərəbis­tanındakı son azalma, eləcə də Qa­zaxıstan və Nigeriyadakı fasilələr İran və İraqda hasilat artımını daha çox kompensasiya edib və OPEC+ hasila­tının əvvəlki ayla müqayisədə gündəlik, təxminən, 1 milyon barel azalmasına səbəb olub.

Araşdırma göstərib ki, OPEC-in 13 üzvü sutkada 27,34 milyon barel, Ru­siya və digər 8 müttəfiq ölkə isə 13,06 milyon barel əlavə edərək, ümumilikdə, 40,40 milyon barel hasil edib. 

“Xalq qəzeti”

Son xəbərlər