Ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Laçın–Xankəndi yolunda son günlərdə Ermənistanın süni şəkildə yaratdığı növbəti təxribatçı tamaşa - "TIR şousu" ətrafında gedən qərəzli fikirlərlə bağlı birgə bəyanat yayıblar.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi arximandrit Aleksiy Nikonorovun, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovskinin, Alban-udi Xristian Dini İcmasının sədr. Robert Mobilinin imzaladıqları açıqlamada bildirilir:
– Ermənistanın “humanitar yardım” adı ilə TIR yük maşınlarını “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinə yönəltməsi öncədən düşünülmüş və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə törədilmiş anti-Azərbaycan təxribat kampaniyasının tərkib hissəsidir. TIR-ların qəsdən Azərbaycanın istiqamətində problem yaratması, hadisənin “etnik təmizləmə siyasəti” və “humanitar böhran” kimi qələmə verilməsi erməni tərəfinin müntəzəm olaraq həqiqətləri təhrif etmək xislətinin növbəti təzahürüdür.
Bəyanatda daha sonra qeyd edilir ki, Ermənistanın “etnik təmizləmə” barədə yaydığı məlumatlar yalan və böhtan xarakteri daşıyır:
– Beynəlxalq ictimaiyyət unutmamalıdır ki, 30 ilə yaxın müddət ərzində məhz erməni ekstremistlərin həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz əzəli dədə-baba torpaqlarını tərk etməyə məcbur qalaraq qaçqın və məcburi köçkün həyatı yaşamışlar. Məhz Ermənistanın Azərbaycana qarşı təcavüzü zamanı işğal olunmuş ərazilərimizdə məscidlər, məbədlər, qəbiristanlıqlar, tarixi abidələr dağıdılıb talan edilmişdir. Yüzlərlə vətəndaşımız mina partlayışlarında həyatını itirməkdə və əlil olmaqdadır ki, həmin minalar Ermənistan tərəfindən bilavasitə Laçın yolu vasitəsilə Azərbaycan ərazilərinə daşınmışdır.
Bəyanatın sonunda təəssüflə bildirilir ki, Laçın yolu humanitar yüklər üçün açıq olsa da erməni revanşistlər Ümumdünya Kilsələr Şurasından öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edirlər: “Biz, Ümumdünya Kilsələr Şurasını bölgəmizdə sülhə və əmin-amanlığa maneə olan erməni təxribatçı təbliğatına uymamağa və həqiqətlərə söykənən məlumatlara diqqət yetirməyə çağırırıq”.
“Xalq qəzeti”