Avqustun 4-də Baş prokuror Kamran Əliyev Quba Rayon Prokurorluğunun inzibati binasında Quba, Qusar, Xaçmaz və digər rayonlardan olan vətəndaşlarla görüşüb.
Görüşdə iştirak edən 23 vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı və törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları, məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsi, mülki xarakterli mübahisələr, habelə sosial problemlərlə bağlı qaldırdığı məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün Kamran Əliyev müvafiq göstərişlər verib.
Görüşdən sonra Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə onlara konkret tapşırıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düzgün təşkilinə görə tabe prokurorların fərdi məsuliyyət daşıdıqlarını diqqətə çatdırıb.
Həmçinin Baş prokuror “Elektron prokurorluq” informasiya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair əməkdaşların təkliflərini dinləyib, eləcə də müzakirələr aparılmaqla müvafiq göstərişlər verib.
Qəzənfər QASIMOV, “Xalq qəzeti”