Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov avqustun 3-4-də Qusar Rayon Polis Şöbəsində vətəndaşlarla görüşüb.
Rayon Polis Şöbəsinin inzibati binasında Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarından qəbula gələn 115 vətəndaşın müraciətini dinləyən nazir onların problemlərinin həlli üçün nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.
Müraciətlərin əksəriyyəti yerində həll edilib.
Səfər çərçivəsində general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.
Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak ediblər. 23-ü Vətən müharibəsi iştirakçısı olmaqla xidmətə qəbulun şərtlərinə uyğun gələn 91 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb.
“Xalq qəzeti”