Bakı və Qüds arasında strateji tərəfdaşlıq qurulub. Hər iki xalq arasında münasibətlər tarixində ən yüksək səviyyəyə çatıb və daha da inkişaf edəcəyi gözlənilir.
Bu fikirlər Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun ABŞ-ın geniş oxucu kütləsinə malik “Jewish News Syndicate” nəşrinə açıqlamasında yer alıb.
Məqalə müəllifi diqqətə çatdırıb ki, iki xalq arasında münasibətlər dinlərarası əlaqələr üçün nümunəvi sayıla bilər və İsrail 1991-ci ildə dövlət müstəqilliyini elan etmiş Azərbaycanı tanıyan ilk ölkələrdən biri olmuş, 1993-cü ildən Bakıda öz səfirliyini açmışdır. İsrailin neft tələbatının təxminən 30 faizini Azərbaycan təmin edir, Azərbaycan isə İsrailin hərbi məhsullarının əsas alıcılarından hesab olunur və 2020-ci ildə Ermənistanla müharibədə həmin silahlar Azərbaycanın qələbəsinə töhfə verib.
Bildirilir ki, hazırda Azərbaycanda yaşayan yəhudilərin sayı 25-30 minə yaxındır və Azərbaycandan İsrailə miqrasiya etmiş yəhudilər öz tarixi vətənləri ilə sıx əlaqə saxlayırlar. Həmçinin 50-dək etnik qrupun dinc şəkildə birgə yaşadığı Azərbaycan bu ölkədə yaşayan yəhudi icması ilə yaxşı münasibətlərdən qürur duyur.
“Xalq qəzeti”

