Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Dağ-Mədən Sahəsində Mövcud İmkanlar və Perspektivlər” mövzusunda Biznes Forum keçirilib.
Müzakirələrdə ölkə ərazisində fəaliyyət göstərən iri və orta sahibkarlıq subyektlərinin və bir sıra dövlət qurumlarının nümayəndələri iştirak edib. Forumun gündəliyində regionda yerləşən faydalı qazıntı yataqları, yer təkinin hüquqi tənzimlənməsi qaydaları və sözügedən sahəyə investisiyanın təşviqi ətrafında mövzular yer alıb.
Toplantıda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli Naxçıvanın faydalı qazıntı yataqları barədə ətraflı məlumat verib. Bildirib ki, “2023–2027-ci illər üzrə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” 11 vacib prioritet istiqamət üzrə müəyyənləşib. Bunlardan biri də ətraf mühitin mühafizəsinin gücləndirilməsi, təbii ehtiyatlardan səmərəli istifadə olunmasıdır. Təbii sərvətlərdən düzgün mexanizmin tətbiq olunması isə əsas məsələdir.
Forumda Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Xanlar Mustafayev Naxçıvanın faydalı yataqları və tədbirin keçirilməsinin mühüm əhəmiyyətindən danışıb. Geoloji Kəşfiyyat agentliyinin əməkdaşı Şahin Ataşov və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin əməkdaşı Elnur Həsənli müxtəlif mövzularda çıxış ediblər.
Tədbirdə sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Səbuhi HƏSƏNOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

