Dünən Ədliyyə Nazirliyinin geniş kollegiya iclası keçirilib. Nazir Fikrət Məmmədov cıxış edərək məhkəmə-hüquq sistemində islahatların davam etdirildiyini bildirib, vətəndaşların ədliyyə və məhkəmə fəaliyyətinə əlçatanlığının asanlaşdırılmasına xidmət edən rəqəmsal innovasiyaların geniş tətbiqinə toxunub.
Toplantıda ötən ay ölkə üzrə tam tətbiqi başa çatdırılmış “Elektron məhkəmə” informasiya sistemi barədə videoçarx nümayiş etdirilib. Sonra məlumat verilib ki, e-məhkəmə sistemi məhkəməyə müraciət anından qərarın icrasına qədər bütün prosesi əhatə edir.
İclasda ədliyyə fəaliyyətinin əsas istiqamətləri üzrə cari ilin birinci yarısında görülmüş işlər ətraflı təhlil olunaraq bildirilib ki, respublikamızda aparılan geniş qanunyaradıcı fəaliyyətdə fəal iştirak edən nazirlikdə ilin əvvəlindən 2 min 200-dən çox hüquqi akt layihəsi hazırlanıb və ya ekspertizadan keçirilib. Əhalinin hüquqi biliklərinin yüksəldilməsi məqsədilə milli qanunvericiliyin vahid elektron bazasına – e-qanun.az saytına daxilolmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə, təxminən, 2 dəfə artaraq 2,4 milyona çatıb.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin müraciətlərinə qayğı və həssaslıqla yanaşılaraq ötən dövrdə 7 min 700-ə yaxın vətəndaş nazirlikdə, bölgələrdə, habelə virtual qaydada qəbul edilib, qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.
Kollegiyada ölkə iqtisadiyyatının inkişafı və mülki dövriyyənin artması nəticəsində 2,5 milyona yaxın notariat hərəkətinin aparıldığı, 138 mindən çox vətəndaşlıq vəziyyəti aktının dövlət qeydiyyatına alındığı bildirilib, bu əməliyyatlar, ümumilikdə, 6,6 milyon manat vəsaitin, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz çox – 29 milyon manata yaxın sadələşdirilmiş verginin dövlət büdcəsinə köçürüldüyü vurğulanıb. Cari ildə əhaliyə göstərilən elektron ədliyyə xidmətlərinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər görülüb, vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqi istifadəçilərinin sayı 33 faiz çoxalaraq 600 minə çatıb.
İclasda nazirliyin fəaliyyət dairəsinə daxil olan digər sahələr üzrə əldə edilmiş uğurlardan da söhbət açılıb, qarşıda duran vəzifələr geniş müzakirə olunb. Sonda müvafiq qərarlar qəbul edilib, məsul şəxslərə tapşırıqlar verilib.
“Xalq qəzeti”