Kənar ölkədə hesab açan partiya cərimələnəcək

post-img

İyulun 6-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirildi. İclasda 49 qanun layihəsi müzakirə edildi. 

Gündəliyin təsdiqindən sonra iclas­da cari məsələlərlə bağlı müzakirələr aparıldı. Komitə sədrləri və deputatlar çıxışlarında Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Bakıda keçirilən görüşündə söylədiyi nitqini yüksək dəyərləndirdilər. Deputatlar dövlət başçısının Fransanın neokolonializm siyasəti, Fransada irqçi­lik meyillərinin, milli azlıqlara qarşı təz­yiqlərin artması ilə bağlı tənqidi fikirlərini dəstəklədilər.

Azərbaycan Prezidentinin BMT Təhlükəsizlik Şurasında islahatların keçirilməsi ilə bağlı fikirlərini yüksək qiymətləndirən deputatlar Qoşulmama Hərəkatının sədri İlham Əliyevin nitqini yeni dünya düzənində qlobal məqsəd və hədəflərə doğru birgə fəaliyyət üçün yol xəritəsi kimi xarakterizə etdilər. Çıxış edənlər, həmçinin gündəmdəki məsələlərə münasibətlərini bildirdilər və bəzi aktual mövzularla bağlı fikirləri­ni səsləndirdilər.

Sonra Parlamentin sədri Sahibə Qafarova gündəlikdəki məsələlər barə­sində məlumat verdi. O, qeyd etdi ki, birinci məsələ “Azərbaycan Respub­likası Hökuməti ilə Türkiyə Respubli­kası Hökuməti arasında Preferensial Ticarət Sazişinə dəyişiklik haqqında” Protokolun təsdiq edilməsi barədə qa­nun layihəsidir. Qeyd edildi ki, qanun layihəsi beynəlxalq sənədin təsdiqi ilə bağlı olduğuna görə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanu­nunun tələbinə əsasən, bir oxunuşda qəbul ediləcək. Sənəd müzakirədən sonra təsdiq edildi.

S. Qafarova gündəliyin 2-ci məsələ­sindən başlayaraq, növbəti 37 qanun layihəsinin cənab Prezidentin bir mək­tubu ilə parlamentə daxil olduğunu və mahiyyətcə bir-birinə bağlı olduğu­nu bildirdi. Təqdim olunan qanun la­yihələrinə parlamentin dörd komitəsin­də baxıldığı bildirildi. Mülki Prosessual Məcəllədə, İnzibati Prosessual Məcəl­lədə və Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri isə uyğunlaşdırma və dəqiqləşdirmə xa­rakteri daşıdığı bildirildi.

Milli Məclisin sədri gündəliyin növ­bəti 11 məsələsi ikinci oxunuşda olan qanun layihələri olduğunu bildirdi.

Diqqət çəkən məqamlardan biri də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilmə­si haqqında qanun layihəsi oldu. Qeyd edildi ki, bu sənəd “Siyasi partiyalar haqqında” Qanunda müəyyən edilmiş hüquq normalarının pozulmasına görə inzibati məsuliyyətin təkmilləşdirilmə­si məqsədilə hazırlanıb. Məcəlləyə edilən dəyişikliyə əsasən, siyasi par­tiyalar tərəfindən qəbul edilən qanun­suz ianələr, partiyanın qeydiyyatsız fəaliyyəti, əcnəbilərin siyasi partiyaya üzv qəbul edilməsi, partiya üzvlərinin reyestrindəki dəyişiklikləri barədə mə­lumat verilməməsinə görə cərimələr müəyyənləşir. Eyni zamanda, Azər­baycandan kənarda hesab açan parti­yaların cərimələnməsi, xarici ölkələrin partiyaları ilə bağladığı saziş barədə məlumat verməyən partiyaların 2 min manatadək cərimələnməsi nəzərdə tutulur, partiyaların dövlət orqanları­nın fəaliyyətinə müdaxiləsinə görə cə­rimələr artırılır.

Qanun layihəsi ikinci oxunuşda qə­bul edildi.

Daha sonra “Konstitusiya Məh­kəməsi haqqında” Azərbaycan Res­publikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi təqim edildi. 

Müzakirələrin sonunda qanun la­yihəsi səsə qoyularaq, ikinci oxunuşda qəbul edildi.

Gündəlidəki digər qanun layihələri­nin müzakirəsindən sonra müvafiz qə­rarlar qəbul edildi və bununla da Milli Məclisin iclası başa çatdı.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər