Müstəmləkəçilik əleyhinə Bakı bəyanatı

post-img

Azərbaycanın Qoşulmama Hərəkatına (QH) sədrliyi bu qurumun dünya miqyasında tanınması baxımından parlaq bir mərhələdir. Təşkilatın Bakıda düzənlənmiş Əlaqələndirmə Bürosunun nazirlər görüşü də tədbirdə səslənmiş fikirlərin dolğunluğu, əhatə dairəsinin genişliyi baxımından diqqət çəkdi. Bu mənada toplantı çərçivəsində dünən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşəbbüsü ilə baş tutmuş “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusundakı “dəyirmi masa” da xüsusi əhəmiyyət daşıdı. Əlbəttə, tədbirin aktuallığını vurğulayan orada qəbul edilmiş bəyanatdır. 

Həmin bəyanat barədə söz açmazdan əvvəl iki cəhətə diqqət yetirək. Birincisi, tərkibində 120 ölkəni birləşdirən QH bey­nəlxalq hüququn fundamental prinsipləri, eləcə də “Bandunq prinsipləri” və xalqla­rın mənafeyi əsasında müstəmləkəçiliyə qarşı mübarizədə qlobal platformadır. Bu platforma müstəmləkə hökmranlığı ilə savaşa köklənmiş xalqları dəstəkləmək naminə yeni məqsədlər müəyyənləşdir­məyi hədəf seçir.

İkincisi, “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılması” mövzusundakı “də­yirmi masa”da isə bu bəşəri bəlaya mə­ruz qalan xalqlarla, xüsusilə Karib adala­rı, Cənubi Amerika, Sakit okean və Hind okeanındakı son fransız müstəmləkələri ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı, ümumən Fransanın müstəmləkəçilik si­yasətinin fəsadları geniş müzakirə olun­du. 

Toplantıda Martinikanın, Qayananın, Yeni Kaledoniyanın, Fransız Polineziya­sının müstəqillik tərəfdarları və GFLM alyansının katibliyi (Groupe Fer de Lan­ce Mélanésien) Qoşulmama Hərəkatının müstəmləkəçi və neokolonial təcrübələrə qarşı mübarizədə prinsipial mövqeyinin etibarlılığını bir daha təsdiqlədilər. 

Bəli, bəyanatda ümumən müxtəlif dekolonizasiya hərəkatlarının bu xalq­ların gələcəyini, hətta uzunmüddət­li perspektivdə sağ qalmalarını təhdid edən müstəmləkəçilik siyasətinin zərərli olduğu vurğulandı. Sənəddəki konkret məqamlara gəlincə, ilk növbədə Qaya­nada sosial vəziyyətin xüsusilə pisləşdi­yinin, əhalinin 50 faizindən çoxunun yox­sulluğun astanasında olduğu vurğulandı və bildirildi ki, burada işsizlik 30 faizdir, təbii sərvətlər talan edilir və torpaqların 90 faizi Fransa dövlətinin şəxsi mülkiyyə­tindədir.

Sənəddəki ikinci məqam Martinika və Qvadelupanın iki böyük fəlakətlə üz-üzə olduğunun diqqətə çatdırılmasıdır. Bun­lar gizli məskunlaşma strategiyalarının bir hissəsi olan əvəzetmə yolu ilə soyqı­rımı və təbii ekosistemlərə, əhalinin sağ­lamlığına ciddi şəkildə təsir edən xərçəng xəstəliyinin rekord göstəriciləridir.

Bəyanatda, həmçinin Yeni Kaledo­niyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) 2021-ci ildəki 3-cü referenduma etiraz etdiyi diqqətə çatdı­rıldı və müstəmləkə altına salınmış Yeni Kaledoniya xalqının müstəqillik hüququ bir daha təsdiqləndi.

Sənəddəki daha bir məqam isə Poli­neziya ilə bağlıdır. Orada hazırda tama­milə dekolonizasiya perspektivinin aktual əhəmiyyət daşıdığı önə çəkildi. Habelə cənab Oskar Temarunun rəhbərlik etdiyi “Tavini huiraatira no te Ao Maohi” partiya­sının Qoşulmama Hərəkatında müşahi­dəçi statusu almaq istəyi ifadəsini tapdı.

Afrika Mundus sferasının qeyri-hö­kumət diplomatik şəbəkəsi tərəfindən dəstəklənən, Bakıda olan anti-müstəm­ləkəçi hərəkatlar həm Afrika əsilli insan­lara, həm də yerli xalqlara təsir edən müstəmləkə cinayətlərinə görə kom­pensasiya tələb edirlər. Bu hərəkatlar dünya ölkələrini, eləcə də beynəlxalq təşkilatları, o cümlədən BMT-ni özlərinin fundamental hüquqlarına hörmətin təmin edilməsinə yönəlmiş addımları dəstək­ləməyə çağırırlar ki, bu da sənədin məğ­zindəki başlıca amillərdəndir.

Bəyanatın ən vacib məziyyətlərin­dən birinə diqqət yetirək. Qoşulmama Hərəkatına Əlaqələndirmə Bürosunun Bakıdakı nazirlər görüşünə, o cümlə­dən, görüş çərçivəsində təşkil olunmuş “Müstəmləkəçiliyin tamamilə aradan qal­dırılması” mövzusundakı “dəyirmi masa”­ya qatılmış anti-müstəmləkəçi hərəkatlar xalqlar arasında qlobal əməkdaşlığa, onların bərabərliyinə və suverenliyinə hörmətə əsaslanan beynəlxalq münasi­bətlərə yeni yanaşma formalaşdırmaq məqsədilə, xalqlarının tam azad edil­məsinədək, müstəmləkəçiliyin kökünün kəsilməsinədək mübarizələrini davam etdirməyi və gücləndirməyi öhdələrinə götürdülər. Ən əsası isə tərəflər Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəldilər və əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirdilər.

Qeyd edək ki, sözügedən bəyanatı Beynəlxalq Münasibətlərin Təhlili Mərkə­zinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Yeni Kaledoniyada Kanak və Sosialist Milli Azadlıq Cəbhəsindən Rok Vamytan və Maqali Tinqal, Dekolonizasiya və So­sial Emansipasiya Hərəkatından Moris Pindard, Sindi Polüks, Jan-Viktor Kas­tor, Martinikanın Azadlığı Partiyasından Fransis Karol, Suveren Martinika Uğrun­da Demokratlar və Ekoloqlar Hərəkatın­dan Klodet Düamel, “Tavini Huiraatira no te Ao Maohi” partiyasından Oskar Tema­ru, Antoni Geros, Leon Tefo, Ella Tokara­gi, “Africa Mundus”dan Emmanuel Arqo və Edvin Daiti imzalayıblar.

Sonda onu da bildirək ki, həm Qo­şulmama Hərəkatına Əlaqələndirmə Bü­rosunun Bakıdakı nazirlər görüşü, həm də toplantı çərçivəsində gerçəkləşdiril­miş ayrı-ayrı təşəbbüslərin məramında dayanmış başlıca vəzifə ədalətin təmin olunması, ikili standartlardan uzaq səmi­mi dünya düzəninin formalaşmasına nail olmaq üçün təşəbbüslər göstərməkdir. Bu təşəbbüslər beynəlxalq hüquqa əsas­lanmaqla, bəşəri dəyərlərin qorunmasını hədəf seçib. 

Əlamətdar haldır ki, QH Azərbayca­nın sədrliyi dönəmində həm humanist hə­dəflərə doğru inamlı irəliləyiş platforması­na çevrilib, həm də mövcud istiqamətdəki neqativ meyillərə qarşı müqavimət im­muniteti formalaşdırıb. Hesab edirik ki, ölkəmizin təşkilata verdiyi ən böyük töhfə də elə budur. Onu da vurğulayaq ki, bu, istər QH-nin, istərsə də quruma üzv döv­lətlərin və birliklərin timsalında bütövlük­də dünya xalqlarının xoşbəxt və firavan gələcəyinin təminatı üçün son dərəcə etibarlı töhfədir.

R.ƏVƏZ, “Xalq qəzeti”

 

Siyasət