Bakı Beynəlxalq Astronavtika Konqresinə hazırlaşır

post-img

Xəbər verildiyi kimi, 2023-cü il oktyabr ayının 2-6-da Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi keçiriləcək. Cari ilin əvvəllərindən etibarən ölkəmizdə bu mötəbər beynəlxalq tədbirə hazırlıq işlərinə başlanılıb. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında” 7 fevral 2022-ci il tarixli sərəncam imzalayıb.

Rəqəmsal İnkişaf və Nəqliyyat Na­zirliyinin yaydığı məlumata görə, “Azər­kosmos” və Beynəlxalq Astronavtika Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək qlobal kosmik tədbirə ha­zırlıqlar sürətlə davam edir. Hazırlıq işləri Beynəlxalq Astronavtika Federa­siyası tərəfindən də yüksək qiymətlən­dirilir. Belə ki, qurumun icraçı direktoru Kristian Faytinger Bakının ev sahibliyi edəcəyi konqresin heyrətamiz hadisə olacağını bəyan edib. 

Beynəlxalq tədbirə hazırlıq işlə­ri çərçivəsində görülən işlər barədə məlumat verən “Azərkosmos”un sədri Saməddin Əsədov bildirib ki, Azərbay­canda bu ilin ən böyük işgüzar tədbirlə­rindən biri olacaq Beynəlxalq Astronav­tika Konqresi üçün 8 min kvadratmetr sahədə müvəqqəti sərgi pavilyonu təş­kil olunacaq. Bu da konqresə sponsor­luq edəcək beynəlxalq kosmik şirkətlə­ri və sərgi iştirakçılarını qəbul etməyə əlverişli imkan yaradacaq. Bütövlükdə isə, sərgi pavilyonunda müxtəlif ölkələ­rin kosmik qurumları və şirkətlərinin stendləri nümayiş olunacaq. 

S. Əsədovun sözlərinə görə, Bakı Konqresinə beynəlxalq maraq olduq­ca yüksəkdir və kosmos sahəsində fəaliyyət göstərən iri şirkətlər tədbirə ciddi hazırlaşırlar. Qeyd edək ki, pavil­yonda iştirakla bağlı artıq 50-dən çox təşkilatla müqavilə imzalanıb. Agentlik və şirkətlər arasında ABŞ-ın “Milli Ae­ronavtika və Kosmos Administrasiyası” (NASA), Yaponiyanın “JAXA” Kosmik Agentliyi, İtaliyanın “Agenzia Speziale Italiana” Kosmik Agentliyi, “AIRBUS” Şirkəti, Kanadanın İnnovasiya Mərkə­zi “INO”, Fransanın Milli Kosmik Tə­dqiqatlar Mərkəzi “CNES”, Hindistanın Kosmik Agentliyi “ISRO”, Türkiyənin “Türkiye Uzay Ajansı” Kosmik Agentliyi və digər beynəlxalq şirkətlər yer alıb. Tədbir futuristik Bakı Konqres Mərkə­zindən, görkəmli memar Zaha Hadidin layihələndirdiyi möhtəşəm Heydər Əli­yev Mərkəzindən və sərgi pavilyonun­dan ibarət Bakı Konqres Kompleksində keçiriləcək.

74-cü Beynəlxalq Astronavtika Konqresində kosmos sahəsi üzrə ölkələrin öz fəaliyyətlərini müzakirə et­mək, biznes əlaqələri yaratmaq imkan­ları olacaq. Bu, təkcə Cənubi Qafqazı deyil, həm də Türkiyəni, Mərkəzi Asiya və Yaxın Şərq ölkələrini əhatə etməklə Azərbaycanın və regionun akademik və biznes sahəsi üzrə kosmik sektorun ekspertləri və liderləri ilə əlaqə yarat­maq üçün əla fürsətdir. Belə ki, qlobal kosmik tədbirin bir hissəsi olmaqla iştirakçılar, həmçinin Azərbaycanın qonaqpərvərliyi, zəngin mətbəxi və mədəniyyətini görmək imkanı qazana­caqlar. 

Azərkosmos və Beynəlxalq Astro­navtika Federasiyasının tərəfdaşlığı ilə keçiriləcək 74-cü konqres çərçivə­sində konfranslar, 190-dan çox texni­ki sessiya və sərgilər təşkil olunacaq. Tədbirdə kosmik agentliklərin, dövlət sektorunun, investorlar və özəl kosmik şirkətlərin nümayəndələri, yerli və bey­nəlxalq media qurumlarının təmsilçiləri iştirak edəcəklər.

“Qlobal çağırışlar və imkanlar: kos­mosa şans verək” mövzusunda bey­nəlxalq konqres kosmik sənayenin gələcəyini formalaşdıran yeni ideya­lar və qabaqcıl həllərlə bağlı fikir mü­badiləsi üçün açıq platforma olacaq. Tədbir bütün qonaqlara və iştirakçılara kosmik sənayesinin inkişafının güclən­dirilməsi, qlobal tendensiyalar, kosmos innovasiyaları sahəsində tərəfdaşlıq və əməkdaşlıq yollarını müzakirə etmək imkanı verəcək.

Beynəlxalq Astronavtika Konqresi Azərbaycana milli kosmik ekosistemin təşviqi, azərbaycanlı alim və gənc tə­dqiqatçılar üçün beynəlxalq əlaqələrin yaradılması, 75-dən çox ölkədən 6 min nəfər yüksək ixtisaslı mütəxəssi­sin, o cümlədən 2500-dən artıq gəncin səfəri, Azərbaycanla bağlı məlumatlılıq səviyyəsinin artırılması və dövlətimi­zin qlobal müstəvidə artan nüfuzuna dəstək istiqamətində faydalar verəcək. Beynəlxalq ticarət və logistika qovşağı olan Azərbaycan tədbir müddətində həm də kosmik mərkəzə çevriləcək, bu sahəni inkişaf etdirən qlobal auditoriya­nın diqqət mərkəzində olacaq.

Kosmik sahədə qlobal tədbirə ha­zırlığın böyük uğurlarından biri də Bakı Konqresinə təqdim edilən elmi məqalələrin sayındadır. Belə ki, indiyə­dək konqresə 95 ölkədən 3600-dən çox elmi məqalə təqdim olunub. Bu­nunla belə, “Azərkosmos”un rəhbəri bildirib ki, beynəlxalq kosmik tədbirinə qeydiyyat sürətlə artır və bütün mü­raciət edənlərin 50 faizindən çoxunu dünyanın müxtəlif yerlərindən olan gənclər təşkil edir. Bakıda keçiriləcək konqresin onların karyerasına müsbət təsir edəcəyinə əmin olduğunu bildirən S. Əsədov hər kəsi qlobal Bakı Konq­resinə qoşulmağa dəvət edib. Eyni zamanda, dünya miqyasında ən mö­təbər tədbirlərdən sayılan beynəlxalq konqresin Azərbaycanda keçirilməsi­nin ölkəmizdə kosmik sənayenin inki­şafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın geniş­ləndirilməsinə əvəzolunmaz imkanlar yaradacağını nəzərə alaraq Azərbay­can alimlərinin də bu tədbirdə yaxın­dan iştirakı tövsiyə olunur.

Yeri gəlmişkən, Beynəlxalq Astro­navtika Konqresi Beynəlxalq Astro­navtika Federasiyası, Beynəlxalq Ast­ronavtika Akademiyası və Beynəlxalq Kosmik Hüquq İnstitutunun dəstəyi ilə Beynəlxalq Astronavtika Federasiyası milli cəmiyyətinin üzvlərindən birinin ev sahibliyi etdiyi ənənəvi illik konqresdir. Beynəlxalq Astronavtika Federasiyası isə 1951-ci ildə yaradılmış qeyri-kom­mersiya, qeyri-hökumət təşkilatıdır. 

Bu mötəbər tədbir ilk dəfə 1950-ci il 30 sentyabr-2 oktyabr tarixində Fransanın paytaxtı Paris şəhərində keçirilib. Sözügedən tədbirə ən çox ev sahibliyi edən ölkə Amerika Birləşmiş Ştatları olub. Ötən müddətdə keçirilmiş 73 tədbirin 6-sı məhz bu ölkədə baş tutub. Azərbaycan isə belə mötəbər tədbirə ikinci dəfə ev sahibliyi edəcək. Ən diqqətçəkən məqam isə ondan ibarətdir ki, keçmiş SSRİ-nin yalnız bir­cə dəfə ev sahibliyi etdiyi Beynəlxalq Astronavtika Konqresi də düz 50 il əv­vəl–1973-cü il 7-13 oktyabr tarixində məhz Bakı şəhərində keçirilib. 

Yarım əsrdən sonra Azərbaycan paytaxtının yenidən belə bir mötəbər beynəlxalq tədbirə ev sahibliyi edə­cəyi isə, həqiqətən də, qürurvericidir. Bu, həm də ölkəmizin dünya kosmik klubunun tam üzvü kimi öz mövqeyini getdikcə möhkəmləndirməsinin əyani təzahürüdür. 

 

Mirbağır YAQUBZADƏ, “Xalq qəzeti”

Son xəbərlər