Laçın sərhəd-buraxılış məntəqəsi xarici diplomatların gözü ilə

post-img

Azərbaycanda akkreditə olunmuş diplomatik korpus təmsilçilərinin üzvlərinin Laçına səfəri dağlar qoynundakı şəhərin füsunkar təbiətini və burada həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işlərini kətan üzərinə köçürən peşəkar gənc rəssamların əlüstü yaratdıqları rəsm əsərlərinin sərgisi ilə tanışlıqla başladı. Diplomatlara sərgi haqqında ətraflı məlumat verildi. 

Bildirildi ki, əsrarəngiz təbiəti, qə­dim tarixi abidələri, həmçinin bu şəhər­də qısa müddətdə aparılan nəhəng bər­pa-quruculuq işləri Vətənini sevən hər bir rəssam üçün də ilham mənbəyinə çevrilib. Odur ki, ölkəmizi bir sıra bey­nəlxalq rəsm müsabiqələrində təmsil edən, dünyanın nüfuzlu rəssamlıq aka­demiyasını bitirmiş 50-dən çox rəssam qısa müddətdə Laçının gözoxşayan mənzərələrini kətan üzərinə köçürüb.

Diplomatlar rəssamların əsasən impressionizm janrında, yağlı boya ilə müxtəlif üslublarda çəkilmiş şəkillərinə maraqla baxdılar.

Sərhəd-gömrük buraxılış məntəqəsində nə baş verib?

Yenidən qurulan, abadlaşan Laçınla tanış olan 33 ölkənin və 10 xarici təşkilatın, ümu­milikdə, 60-a yaxın diplomat və hərbi atta­şesindən ibarət heyət əvvəlcə Ermənistanla Azərbaycan arasında Laçın sərhəd-gömrük buraxılış məntəqəsinin yerləşdiyi körpüdə oldu. Onlara Ermənistanın bir sərhədçimizin yaralanması ilə nəticələnən son təxribatları haqqında məlumat verildi. Bu pozuculuq ak­siyasına qədər Xankəndidə yaşayan erməni əsilli sakinlərin sərhəd-keçid məntəqəsindən heç bir maneə olmadan istifadə etdikləri bil­dirildi. Eyni zamanda, hazırda da Beynəlxalq Qırmızı Xaç təşkilatının vasitəçiliyi ilə tibbi evakuasiya təyinatlı keçidə sərbəst şərait ya­radıldığı, başqa sözlə, bəzi dairələrin iddia etdiyi kimi, yolun bağlı olmaması vurğulan­dı. Sadəcə, bu məntəqədə Ermənistanın son təxribatı ilə bağlı müvəqqəti istintaq tədbirlə­rinin həyata keçirildiyi qeyd edildi. 

Ermənistan tərəfinin sərhəd-gömrük bu­raxılış məntəqəsindəki hazırkı vəziyyətdən böhtan təbliğatı vasitəsi kimi istifadə etmə­si də xarici diplomatların diqqətinə çatdırıl­dı. Muzdlu Avropa siyasətçilərinin isə gəlib körpünün digər hissəsində həqiqəti əks etdir­məyən birtərəfli məlumatlar paylaşdıqları, bu vəziyyətdən çirkin kampaniya üçün yarar­lanmağa çalışdıqları vurğulandı. 

Yeri gəlmişkən, diplomatlarla görüşdə məlumat verildi ki, Laçın sərhəd-buraxılış məntəqəsində gündəlik əsasda erməni sakin­lərin hər iki istiqamətə şəffaf, təhlükəsiz və nizamlanan keçidi üçün müvafiq şərait yara­dılıb. Aprelin 23-dən etibarən yüzlərlə ermə­ni sakinin keçidi təmin olunub. Şübhəsiz ki, bu cür şəraitin – erməni sakinlərlə sərhədçilə­rimiz arasında normal ünsiyyətin formalaş­ması revanşistlərin xoşuna gəlməyib və iyu­nun 15-də qarşı tərəf keçid məntəqəsini atəşə tutub. Nəticədə bu, Laçın sərhəd-buraxılış məntəqəsindən təhlükəsiz keçidə maneə törə­dib. Sadəcə, düşmənin təxribatçı atəşlərinin hədəfində fəaliyyət nikbin deyil. 

Görüşdə Azərbaycan tərəfinin hazır­da sərhəd məntəqəsindən təhlükəsiz keçidə mane olan Ermənistanın bu hücumunu araş­dırmaq məqsədilə müvafiq tədbirlər gördüyü açıqlandı. Eyni zamanda, Ermənistanın gələ­cəkdə belə təxribatlarının təkrarlanmayacağı­na dair Azərbaycan tərəfinə müvafiq zəmanət verməsinin zəruri olduğu qeyd edildi. 

Laçın doğmalarına qovuşur…

Azərbaycandakı diplomatik korpusun üzvləri Laçın şəhərinin 1 Dekabr küçəsin­də salınan ilk yaşayış məhəlləsində artıq yurd-yuvasına geri dönmüş sakinlərlə söhbət etdilər. 

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, ötən aydan keçmiş məcburi köçkünlərin bər­pa edilən və yenidən qurulan Laçın şəhərinə qayıdışı başlayıb. 31 illik həsrətdən sonra la­çınlı ailələrin ilk qrupu mayın 28-də doğma yurdlarına dönüb. Xoşbəxtliyinə qovuşmuş 3 soydaşımızla ayaqüstü söhbət etdik.

İpək Təhməzova:

– Laçın işğal ediləndən sonra Pirəkəşkül kəndindəki hərbi şəhərcikdə məskunlaşdıq. Həyat yoldaşım işğaldan əvvəl dünyasını dəyişmişdi. Mən isə dörd uşaqla birlikdə məcburi köçkün həyatı yaşamağa başladım. O vaxtdan ötən müddətdə daim Laçını ar­zuladıq. Ulu öndər Heydər Əliyev ölkə rəh­bərliyinə qayıdandan sonra həyat şəraitimiz xeyli yaxşılaşdı. Onun sayəsində güzəşt və imtiyazlardan istifadə etməyə başladıq. Məhz onun sayəsində məcburi köçkünlərin sosial təminatı dəfələrlə artdı, sosial baxımdan biz cəmiyyətdən ayrı düşdüyümüzü hiss etmə­dik, hüquqlarımızın təmin edilməsi dövlət üçün önəmli məsələ oldu. Amma bütün bu il­lər ərzində qayıtmaq ümidimizi də itirmədik. 

Mən Laçını, evimizi, bu dağları, meşələ­ri, uşaqlığımı daim xatırlamışam. Dəfələrlə yuxudan göz yaşları içində oyanmışam. Bu, mənim üçün çox ağrılı idi, çünki mən təkcə evimdən deyil, həm də doğmalarımın ruhu dolaşan məzarlarından aralı düşmüşəm. 

Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuz növbəti erməni təxribatından sonra əks-hücum hərbi əməliyyatına başladı. Vətən müharibəsində dövlət başçısının daha bir qəsəbənin, kəndin, şəhərin, rayonun işğaldan azad ediləcəyi ilə bağlı hər açıqlaması bizdə Laçını qayıdacağımız ümidini daha da güc­ləndirdi. Bir ay əvvəl Laçına qayıtmaq təklifi alanda isə hədsiz sevinclə toplaşıb doğma şəhərimizə yola düşəcəyimiz saatı gözlədik. Allaha şükürlər olsun ki, bu an gəlib çatdı. Xoşbəxt adamam ki, yenidən doğulduğum yurda gələ bildim, indi doğma torpağımda rahat ölə bilərəm...

Azad Nəsibov:

– Laçından çıxanda 27 yaşım var idi. İndi 58 yaşım var. Laçının bu gününə şahidlik etdiyim üçün özümü çox xoşbəxt sanıram. Şəhər məni səmimi qarşıladı. Mən Laçından utandım, xəcalət çəkdim. Əhd etmişdim ki, şəhərə xeyli qalmış maşından düşüb bura pi­yada gəlim. Elə də etdim. Sevinc hissləri ya­şadım. Sevindim ona görə ki, 31 ildən sonra ata-baba yurduma, doğulduğum od-ocağıma qovuşmuşam. Kədərləndim ona görə ki, uzun illər ev-eşiyimə həsrət qalmışam. 

Kimisi gəncliyini, kimisi də uşaqlıq il­lərini qoyub çıxmışdı Laçından. Burada ilk gecəni yata bilmədim. Səhərə qədər uşaqlıq xatirələrim gözümün önündə canlandı. 

Solmaz Abbasova:

– Laçın düşmən əsarətində qaldığı illər­də bu yerlərə dönməyi, havasını ciyərlərimə çəkməyi, bulaqların bumbuz suyundan do­yunca içməyi həmişə həsrətlə arzulamışam. Bu yurdu, bu ocağı bir də görə biləcəyim gü­nün ümid-inamı ilə ömür sürmüşəm. Ailəmiz ötən illərdə dövlətimizin hərtərəfli qayğısı ilə təmin olunsa da, yurdu bir gün də olsun unut­mayıb. Laçınsızlıq ağrısı ilə baş-başa qalıb, bu nisgillə nəfəs-nəfəsə yaşayıb. 

Azərbaycan Prezidentinin rəhbərliyi ilə Laçında tikinti, bərpa-quruculuq işləri sürətlə həyata keçirilir. Şəhər canlanır, əvvəlkindən də gözəl görkəm alır. Hər bir laçınlının da­ğıdılan, xaraba qoyulan evi demək olar ki, təzədən tikilib onların istifadəsinə verilir. Biz bu günü həsrətlə, intizarla gözləyirdik. Başda dövlətimizin başçısı İlham Əliyev olmaqla bu işləri görən hər kəsə minnətdarlığımızı bildiririk. Şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə şəfa diləyirik. 

Bəli, uzun illərdən sonra Laçına qayıt­dıq. Bizi bu torpaqdan, bu od-ocaqdan zorla ayırmışdılar. Allaha şükürlər olsun ki, geri dönüb bu günləri də gördük. Bura mənim ata evimdir, burada yaşamışam, böyümüşəm, uşaqlıq illərim bu evdə keçib. İndi qapımız yenə laçınlılar tərəfindən döyülür, köhnə qonşularımız gəlirlər, söhbətləşirik, keçmişi yad edirik... 

XXI əsrin Laçını yaradılır

Vətən müharibəsində qazanılan möh­təşəm Zəfər nəticəsində imzalanan üçtərəf­li Bəyanatın şərtlərinə əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də hərbi əməliyyat keçirilmədən, siyasi yolla işğaldan azad edilərək Azərbaycanın yurisdiksiyasına qay­tarıldı. Bundan sonra isə əsas diqqət rayonun düşməndən təmizlənən ərazilərinin bərpası­na yönəldildi. Azadlığına qovuşan Laçında genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanıldı. Lakin Laçın şəhəri və Zabux və Sus kəndləri Rusiya sülhməramlı qüvvələri­nin məsuliyyət zonasında qaldı. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin apardığı danışıqlar nəticəsində yeni yolun çəkilmə­sindən sonra adları çəkilən yaşayış sahələri­nin geri qaytarılacağı da qərara alındı. Yolun razılaşdırılması üçün üç il vaxt müəyyən­ləşdirilsə də, bu proses ilyarım ərzində başa çatdırıldı və ötən il avqustun əvvəlində artıq Laçında yaşamış ermənilərə və Rusiya sülh­məramlı qüvvələrinə bu ərazidən çıxmaları barədə bildiriş göndərildi. 

Nəhayət, 2020-ci il avqustun 25-də so­nuncu erməni işğalçı Laçını tərk etdi və avqustun 26-da Laçın əsil sahibinə qaytarıldı. Elə həmin vaxtdan etibarən Laçın şəhərində, eləcə də Zabux və Sus kəndlərində də tikin­ti-abadlıq layihələrinin gerçəkləşdirilməsinə başlanıldı. 

Beləliklə, ötən dövr ərzində Laçın şəhə­rində və rayonun kəndlərində bir sıra strateji infrastruktur obyektləri işə salınıb, yeniləri­nin təməli qoyulub. Bununla da düşmənin darmadağın etdiyi, xarabalığa çevirdiyi La­çın rayonunda bərpa və quruculuq işlərinin sürəti getdikcə yüksəlib, şəhərdə həyat ye­nidən qaytarılıb. Azadlığına qovuşan Laçın doğmalarına qovuşub... 

Prezident İlham Əliyev mayın 28-də La­çın şəhərinə qayıdan əhali ilə görüşü zamanı dövlətimizin başçısı nitqində şəhərin siması­nın dəyişməsinin iqtisadiyyatımızın dinamik inkişafından xəbər verdiyini, müstəqilliyimi­zin nə qədər güclü olmasını bir daha göstərdi­yini vurğuladı. Ölkə rəhbəri dedi: “Cəmi 7-8 ay ərzində şəhərin böyük hissəsi tamamilə yenidən qurulub və sakinlərin sərəncamına verilir. İlk 20 ailə artıq dünəndən Laçında yerləşib və iyun ayının sonuna qədər əlavə bir çox ailələr gələcək. Beləliklə, birinci mər­hələdə Laçında 4 minə yaxın, bəlkə də çox insan yaşayacaq”.

Bütün bunlar Laçın şəhərinin Baş planın­da da öz ifadəsini tapıb. Prezident İlham Əli­yevə təqdim olunan həmin layihədə nəzərdə tutulan tədbirlər və görülən işlər barədə mə­lumat verilib. Bildirildi ki, Baş plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin si­farişi əsasında Bakı Dövlət Layihə İnstitutu tərəfindən beynəlxalq məsləhətçi şəhərsalma qrupu – İsveçrənin “SA Partners” şirkətinin iştirakı ilə hazırlanıb.

Şirkətin həmtəsisçisi və tərəfdaşı Dun­ya Kovari-Binggeli bildirib ki, Laçının özünəməxsus füsunkar təbiəti və rəngarəng landşaftı şəhərin turizm məkanı kimi inkişaf etdirilməsinə, fəal rekreasiya, idman, açıq hava istifadəsi və sağlam həyat imkanları olan cəlbedici regional mərkəzə çevrilməsinə şərait yaradacaq. Beynəlxalq hava limanı­nın yaxınlığında, beynəlxalq və respublika əhəmiyyətli bir sıra avtomobil yollarının kəsişməsində yerləşdiyi üçün şəhər regiona giriş qapısı funksiyasını daşımaqla çoxşaxəli inkişaf istiqamətlərinə malik olacaq. Laçın şəhərinin mövcud planlaşdırma strukturunun saxlanılması və bərpası, o cümlədən yeni ya­şayış ərazilərinin inkişaf etdirilməsi əsas hə­dəf götürülməklə zonalaşdırılıb. Növbəti 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çata­cağı proqnozlaşdırılıb.

Ənənəvi məşğulluq dirçəldilir

Laçın şəhəri azad edilən gündən burada bərpa-quruculuq layihələri sürətlə aparılıb. Baş plana əsasən, təbii yaşıllıqlarla əhatələn­miş şəhərin tarixən mövcud olmuş, təxminən, 258 hektar məskunlaşma ərazisində həyətya­nı sahəsi olan fərdi evlərə üstünlük verilib. 

Bununla yanaşı, gələcəkdə çoxfunksi­yalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binalar tikiləcək. Şəhərdə müasir xəstəxana, İşğal və Zəfər muzeylərinin yer­ləşəcəyi Memorial Park, məktəbəqədər və tam orta təhsil müəssisələri, peşə məktəbi, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Planlaşdırmada tətbiq edil­miş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektləri­nin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tuta­raq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək.

Əhalinin məşğulluğunun təşkili rayo­nun tarixi təsərrüfat ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur.

Xatırladaq ki, ərazinin coğrafi yer­ləşməsinə, quruluşuna uyğun olaraq yerli ənənələrə, müasir yanaşmalara əsaslanan və Laçın şəhərinin özünəməxsus simasının for­malaşdırılmasında istifadə ediləcək memar­lıq layihələri həyata keçiriləcək.

Laçın Aqro və Sənaye Parkı Laçının iqtisadi dirçəlişi və əhalinin məşğulluğu baxımından xüsusi əhəmiyyətə malikdir. Kompleks tezliklə nəinki Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının, eləcə də ölkə­mizin iqtisadi inkişafına öz töhfəsini verəcək. Laçında iqtisadi inkişafın təmin edilməsi və məşğulluğun artırılması məqsədilə parkda 6 istiqamət - qida sektoru, sənaye, ekoisteh­salat, yaradıcılıq və tekstil, tədris, turizm və xidmət üzrə 1200-ə yaxın yerinin yaradılması nəzərdə tutulub.

Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisənin yaradılması planlaşdırılır. Bu kompleksdə yaradılacaq iş yerlərində 850 nəfər Laçın sakini işlə təmin olunacaq. On­lardan 226 nəfəri artıq işə cəlb edilib. İşçilə­rin əksəriyyəti Türkiyə və Azərbaycanın peşə məktəblərində təhsil alıblar.

İnsan nəfəsi bu gün dağa-daşa da can verir

Bu gün Laçın Azərbaycan dövlətinin və xalqının quruculuq əzminin daha bir nü­munəsinə çevrilir. Mübaliğəsiz demək olar ki, şəhər əsl tikinti meydançasını xatırla­dır. Həkəri çayının ətrafında bulvar salınır. Kompleks tikinti işləri zamanı kommunikasi­ya sahələrinin də paralel olaraq inşası davam edir.

Laçında kommunikasiya layihələri sürət­lə icra olunur. Bu istiqamətdə aparılan iş­lər müasir tələblərə tam cavab verir. Müasir avadanlıqlardan və yeni materiallardan isti­fadə etməklə reallaşdırılan tədbirlər sakinlərə göstərilən xidmətin daha keyfiyyətli olacağı­nı deməyə əsas verir.

Bəzi fərdi yaşayış evlərinin də yaxın vaxtlarda təhvil veriləcəyi nəzərdə tutulur. Hazırda 600-ə yaxın ev təmir edilir, son ta­mamlama işləri aparılır.

Laçında evlərlə yanaşı, inzibati binaların, obyektlərin tikintisi də diqqətdə saxlanılır. İşğal zamanı ermənilərin dağıdaraq məhv etdiyi təhsil müəssisələri də yenidən qurulur.

Laçın şəhəri azad edildikdən dərhal son­ra təmir-bərpa işlərinə başlanılan ən mühüm obyektlərdən biri də xəstəxanadır. Həmin sə­hiyyə müəssisəsi ən son müasir tibbi ava­danlıqlarla təmin olunub. Hazırda xəstəxa­nanın tibbi personalı burada çalışan işçilərlə bərabər məskunlaşan sakinlərin də tibbi eh­tiyaclarını qarşılayır. Eyni zamanda şəhərin əsas mərkəzi xəstəxanasının da tikinti işləri davam edir.

Qəsbkarlıq dövründə ermənilər qədim ti­kililəri də məhv ediblər. Şəhərin mərkəzində olan bu cür tarixi yerlər bərpa işləri zamanı əvvəlki görkəmi saxlanılmaqla restavrasiya olunur.

Şəhərin mərkəzi küçələrindən biri ulu öndərimiz Heydər Əliyevin adını daşıyır. Layihəyə uyğun olaraq həmin küçədə bərpa prosesi xüsusi həssaslıqla aparılır. Küçənin açıq hava muzeyi kimi saxlanılması nəzər­də tutulur. Buranın təkcə rayon sakinlərinin deyil, həmçinin turistlərin də cəlb ediləcəyi bir məkana çevrilməsi nəzərdə tutulur. Avto­mobillərin girişinin tam məhdudlaşdırılacağı həmin küçədə, sakinlərin gəzintisi üçün park, həmçinin amfiteatr, konsert zalı kimi məkan­ların tikintisi planlaşdırılır. 

Zabux da yenidən qurulur

Laçın rayonuna səfər çərçivəsində xarici diplomatlar 245 ailəlik (birinci mərhələdə 223 ailəlik) Zabux kənd yaşayış məntəqəsin­də həyata keçirilən tikinti-quruculuq işləri ilə də tanış olublar. Qonaqlara kənddə aparılan işlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Zabux kəndinin ümumi ərazisi 80,9 hek­tar, planlaşdırılan ərazisi isə 64,30 hektardır. Zabux çayının mühafizə zonasının 14,68 hektar olması nəzərdə tutulub.

Layihəyə əsasən, ərazidə 53 ədəd ikio­taqlı, 116 ədəd üçotaqlı, 28 ədəd dördotaqlı, 26 ədəd beşotaqlı mənzil tikilib. Həmçinin kənddə kənd inzibati mərkəzinin, 50 yerlik uşaq bağçasının, ümumtəhsil məktəbinin, rekreasiya və məşğulluq zonasının, su an­barının və digər təyinatlı binaların tikintisi aparılır.

Səfirlərin görüb-götürdükləri 

Kayrat Osmonaliev,

Qırğızıstanın Azərbaycandakı səfiri:

– Bu, mənim Laçına ilk səfərimdir. Bura­ya gəlib bu şəhəri gözlərimlə görmək fürsə­tinə görə, Azərbaycan dövlətinə təşəkkürümü bildirmək istəyirəm. Çünki bildiyimiz kimi, Laçın uzun illər işğal altında olub. Burada dinc həyatın artıq bərqərar olduğunu sübut edən dəyişiklikləri görmək çox xoşdur. Laçın xüsusilə də ilin bu fəslində kurort şəhərinə çox bənzəyir. Buradakı tikililər və infrastruk­tur ən yüksək dünya standartlarına uyğundur. Bu, məni yaxşı mənada təəccübləndirir.

Yeri gəlmişkən, qeyd edim ki, ötən il Qırğızıstan Prezidentinin Azərbaycana və Azərbaycan dövlət başçısının Qırğızıstana səfərləri zamanı müzakirə edilən məsələlər­dən biri infrastruktur layihələrinin reallaşdı­rılmasında ölkəmizin maraqlı olması olması ilə bağlı idi. Çünki bu, həm regionları, həm də ikitərəfli münasibətləri yaxınlaşdırır və in­kişaf etdirməyə kömək göstərir. Biz Azərbay­canla həm ikitərəfli əsasla, həm də müxtəlif beynəlxalq platformalarda və Türk dünyası çərçivəsində əməkdaşlıq edirik.

Qarabağ təkrarolunmaz iqlim və şübhə­siz ki, tarixi ilə fərqlənən xüsusi regiondur. Bizim üçün münasibətlərimizi bu şəkildə in­kişaf etdirmək çox vacibdir. Zəngəzur dəhli­zinin logistik imkanları çox böyük əhəmiyyət kəsb edir. Buna görə də biz regional sabitli­yin, təhlükəsizliyin daha da möhkəmləndi­rilməsinin, logistik potensialın inkişafının tərəfdarıyıq.

Alim Bayel,

Qazaxıstanın ölkəmizdəki səfiri: 

– Biz bu gün xarici səfirlər olaraq Azər­baycanın ən gözəl rayonlarından sayılan La­çına gəlmişik. Burada artıq tikinti-quruculuq və abadlıq işləri görülür. Biz şəhərə – doğ­ma yurdlarına qayıtmış sakinlərlə görüşdük. Rayonun həm təbiəti çox gözəldir, həm də iqtisadi potensialı böyükdür. Ümid edirik ki, bölgəyə tezliklə sülh və inkişaf gələcək. Çün­ki bu, hər birimiz üçün çox önəmlidir.

Laçın rayonunun sakinlərinin bir hissəsi artıq öz doğma yurdlarına qayıdıblar. Bizim onlarla söhbət etmək imkanımız da oldu. Se­vindik ki, onlar yurdlarına qayıdıblar. Laçı­nın gözəl təbiəti var və bu rayon böyük iqti­sadi potensiala malikdir. 

Rüstəm Soli,

Tacikistanın Azərbaycandakı səfiri: 

– Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını müşahidə edirik, Qara­bağda çox böyük əhəmiyyətli layihələr həya­ta keçirilir.

Bu gün yenidən Qarabağda səfərdəyəm. Burada böyük dəyişikliklərin şahidi oluruq. Azərbaycan Prezidenti İlham Əliyevin rəh­bərliyi ilə genişmiqyaslı bərpa işləri aparılır və onlar uğurla həyata keçirilir. Bu, dinc hə­yatın getdikcə bərqərar olunduğundan xəbər verir. Laçına qayıdanların yaxşı şəraitdə ya­şayacaqları da heç bir şübhə doğurmur. 

*** 

Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar səfərin sonunda Zəngilanın Ağa­lı kəndində oldular. Burada qonaqlara Ağalı­da tətbiq olunan “ağıllı kənd” konsepsiyası haqqında ətraflı məlumat verildi. 

Daha sonra diplomatlar ağalı sakinləri ilə gün-güzəranları barədə söhbət etdilər. Hazır­da kənddə 420 sakinin yaşadığı bildirilib.

Xarici diplomatlar Qarabağa və Şərqi Zəngəzura qayıdışın ilk uğurlu addımları ilə yerindəcə tanış olmaq imkanını yüksək dəyərləndirdilər, razılıqlarını və məmnunluq­larını ifadə etdilər.

 

Vaqif BAYRAMOV,
“Xalq qəzeti”

Bakı-Zəngilan-Laçın-Bakı





Siyasət