Azərbaycanda 2050-ci ilədək karbon emissiyasının həcmi 40 faizədək azaldılacaq

post-img

Son illər Azərbaycanda həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həllinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaradıb. Bunun nəticəsidir ki, ölkədə təmiz ekoloji mühitə nail olunması məqsədilə mövcud təbii resursların dayanıqlı və səmərəli istifadəsi, tullantıların idarə edilməsi ilə bağlı infrastrukturun yaradılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda 2023-cü ilin dövlət büdcəsində ətraf mühitin mühafizəsinə 360 milyon manatdan çox vəsait ayrılıb ki, bu da 2022-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 24 faizdən artıqdır. 

Ətraf mühitin və ekoloji tarazlığın qorunmasına həssaslıqla yanaşan Azər­baycan Respublikası qoşulduğu bir sıra beynəlxalq sazişlərin tələblərinə də ciddi şəkildə riayət edir. Bu baxımdan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konven­siyasını və Paris Sazişini xüsusi qeyd etmək lazımdır. Yeri gəlmişkən, 2016-cı ilin aprelində imzalanmış və həmin il oktyabrın 28-də Milli Məclis tərəfindən rati­fikasiya olunmuş Paris Sazişinə əsasən, Azərbaycan Respublikası nəzərdə tu­tulan milli səviyyədə müəyyən edilmiş töhfələrini Konvensiya Katibliyinə təqdim edib. Ölkəmiz qlobal iqlim dəyişmələrinə təsirlərin yumşaldılması təşəbbüslərinə özünün töhfəsi olaraq baza ili ilə (1990-cı il) müqayisədə 2030-cu ilədək istilik effekti yaradan qaz emissiyalarının 35 faiz azalma səviyyəsində saxlanılmasını hədəf kimi götürüb. 

Hazırda ölkəmizdə atmosferə atılan istixana qazların azaldılması və dekarbo­nizasiya sahəsində böyük işlər aparılır. Xatırladaq ki, “Azərbaycan Respublika­sının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Azərbaycanın təmiz ətraf mühit və “yaşıl artım ölkəsi”nə çevrilməsi ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulub. Sənəddə qeyd olun­duğu kimi, yaxın illərdə ölkəmizdə təbii resurslardan dayanıqlı və davamlı isti­fadə təmin olunacaq, ətraf mühitə dost sənayeləşmənin təşviqi məqsədilə tul­lantıların səmərəli idarə olunması sistemi inkişaf etdiriləcək. Bunun da nəticəsində tullantıların təkrar emalı prosesinin əhatə dairəsi ölkə üzrə 20 faizə, regionlarda isə 10 faizə çatdırılacaq. 

Eyni zamanda, qarşıdakı 5 il ərzində ölkənin sosial-iqtisadi inkişafının sürət­ləndirilməsini nəzərdə tutan strategiya­da tullantıların yaranması, təkrar emalı və zərərsizləşdirilməsi ilə bağlı uçotun təkmilləşdirilməsi, məlumat bazasının və elektron informasiya sisteminin ya­radılması, bu sahədə kadr potensialının gücləndirilməsi planlaşdırılır. Sənədə əsasən, növbəti illərdə regionlarda bərk məişət tullantılarının mərkəzləşdirilmiş idarə olunması sistemi yaradılacaq, bu sahənin maddi-texniki bazası güclən­diriləcək, təhlükəli tullantı poliqonlarının infrastrukturu müasirləşdirilərək mərkəz­ləşdirilmiş zərərsizləşdirmə qurğularının tətbiqinə diqqət artırılacaq. Yeri gəlmiş­kən, hazırda ölkəmizdə atmosfer ha­vasının çirkləndirilməsinin qarşısının alınması ilə bağlı mütəmadi tədbirlər görülür. Təkcə onu qeyd etmək lazımdır ki, atmosfer havasına atılan tullantıların zərərsizləşdirilməsi məqsədilə ölkənin iri şəhərlərindəki 500-dən çox iri ictimai-i­aşə obyektində təmizləyici qurğular qu­raşdırılıb.

Bakıda keçirilən 5-ci İqtisadiyyat və İdarəetmə Sahəsində Təqdqiqatçıla­rın Beynəlxalq Elmi Konfansı zamanı Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, ölkəmizdə atmosferə atılan istixana qazlarının azaldılması, karbon kreditləri və karbon ticarəti sis­teminin yaradılması və tənzimlənməsi məqsədilə qanun layihəsinə özəl biznes subyektlərinin perspektivindən baxılma­sı zəruridir. Sözügedən kontekstdə fikir mübadiləsinin aparılmasının vacibliyini vurğulayan nazir müavini deyib ki, bu məqsədlə bütün maraqlı tərəflərin iştirakı ilə ictimai müzakirənin keçirilməsi nəzər­də tutulur. V. Kərimov, həmçinin deyib ki, ötən il Qlazqo şəhərində keçirilən iq­lim sammitində Azərbaycan 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyasının həcmini 40 faizədək azal­dılması ilə bağlı şərti hədəf kimi götürüb. Bundan əlavə, ölkəmiz işğaldan azad edilmiş ərazilərdə təmiz sıfır emissiyası zonasının yaradılması ilə bağlı planlarını bəyan edib.

Azərbaycanda təkrar emal müəs­sisələrinin sayının artırılması, bu sahənin inkişafi ilə təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısının alınması üçün əlavə xammal bazasının da yara­dılması nəzərdə tutulur. Bununla bağlı məlumat verən nazir müavini V. Kərimov qeyd edib ki, müasir iqtisadiyyatda tək­rar emal mühüm yer tutur. Onun fikrincə, resurslardan səmərəli istifadə və dairəvi iqtisadiyyat siyasəti vasitəsilə təkrar emal təcrübəsini gücləndirməklə təbii ehtiyat­ların qorunmasına və davamlı istifadə­sinə nail olmaq mümkündür. 

Yeri gəlmişkən, Azərbaycanda tul­lantıların idarə olunmasında Balaxanı Sənaye Parkı mühüm rol oynayır. Fəa­liyyətə başladığı 2017-ci ildən indiyədək “Təmiz Şəhər” ASC-nin Balaxanı Səna­ye Parkına 52 milyon manat investisiya qoyulub. Bakıda keçirilən V İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlxalq Elmi Konfransında bu barədə məlumat verən “Təmiz Şəhər” Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Etibar Abbasov bildirib ki, əgər 2017-ci ildə par­kın 5 rezidenti var idisə, artıq onların sayı 25-ə çatıb. 

Azərbaycanda tullantıların emalı he­sabına istehsal olunan məhsullara ma­raq getdikcə artır. E.Abbasovun dediyinə görə, Balaxanı Sənaye Parkında istehsal olunan məhsulların 10 faizi xarici ölkələrə ixrac edilir. İxrac olunmuş məhsulların çox hissəsi kağızın payına düşür. Bunun­la belə, hazırda müəssisənin ixrac göstə­ricilərinin getdikcə yaxşılaşdırılması ilə bağlı mühüm işlər görülür. 

“Təmiz Şəhər” ASC-nin işğaldan azad edilmiş ərazilərdə də fəaliyyət göstərdi­yini bildirən Etibar Abbasovub deyib ki, hazırda sıfır tullantı zonası hesab edilən həmin ərazilərdə işlər məskunlaşma pla­nına uyğun olaraq həyata keçirilir. Zən­gilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsi ilə əlaqədar “Təmiz Şəhər” ASC tərəfindən Zəngilan poliqonu ərazi­sində 3 ədəd müvəqqəti tullantı hücrəsi hazırlanıb və tullantıların zərərsizləşdiril­məsi təşkil olunub. Hazırda Ağalı kəndin­də məişət tullantılarının gündəlik daşın­ması üçün 8 meydançada 35 konteyner yerləşdirilib. Zəngilan poliqonunda ha­zırlanmış müvəqqəti tullantı hücrələrində tullantıların zərərsizləşdirilməsi prosesi davam etdirilir. Yeri gəlmişkən, hazırda ASC-nin korporativ strukturunda Şərqi Zəngəzur regional bölməsi yaradılıb. Bu da yerli sakinlər üçün iş əlavə iş imkanı deməkdir.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

İqtisadiyyat