Cenevrədə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Konvensiyanın 2023-cü il sessiyalararası görüşü çərçivəsində LINKS Avropa Fondunun təşkilatçılığı və Avropa Birliyinin dəstəyi ilə “Minalardan azad Cənubi Qafqaz” mövzusunda tədbir təşkil edilib.
Azərbaycanın BMT-nin Cenevrə bölməsi yanında daimi nümayəndəliyindən bildirilib ki, tədbirdə Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Elşad İsgəndərov məruzəçi qismində çıxış edib.
E.İsgəndərov 30 ilə yaxın davam edən işğal nəticəsində ölkəmizin ərazisinin 10-dək hissəsinin Ermənistan tərəfindən məqsədyönlü şəkildə minalarla çirkləndirildiyini, bu ərazilərdə 1,5 milyondan çox minanın basdırıldığını diqqətə çatdırıb.
Ərazilərimizin məqsədyönlü şəkildə minalanmasının davam etdirilməsinin bölgədə dayanıqlı sülhün əldə olunmasına, aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, burada fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və doğma yerlərində dinc yaşamasına maneə yaradan əsas təhdidlərdən olduğunu vurğulayan E.İsgəndərov mina qurbanlarından söz açıb. Bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci ilin noyabrından indiyədək baş vermiş 179 insident nəticəsində 57 vətəndaşımız həlak olub, 247-si ağır yaralanıb.
Çıxışda, həmçinin Ermənistanın beynəlxalq humanitar hüququn tələblərini pozaraq, minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən hələ də boyun qaçırdığı vurğulanıb. Mövcud çətinliklərə baxmayaraq, Azərbaycanın minalarla çirklənmiş ərazilərinin artıq onda birini təmizlədiyi bildirilib. Bu xüsusda, beynəlxalq həmrəyliyin göstərilməsinin vacibliyi, həmçinin ölkəmizin beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğu diqqətə çatdırılıb.