Milli Məclis 2023-cü il dövlət büdcəsinə əlavə və dəyişikiliyi təsdiqlədi

post-img

Dünən Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının növbəti növbədənkənar plenar iclası keçirildi. 

S.Qafarova gündəliyə 13 məsələnin daxil edildiyni və ilk 3 məsələnin müza­kirəyə dövlət başçısının bir məktubu ilə daxil olunduğunu bildirdi. 

Üçüncü oxunuşda müzakirəyə çıxa­rılmış “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunun­da dəyişiklik edilməsi barədə qanun la­yihəsi haqqında Milli Məclisin İqtisadi si­yasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili məlumat verdi. 

Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı məlumata əsasən, gəlirləri təsdiq olun­muş 30 milyard 774 milyon manata qarşı 3 milyard 5 milyon manat və ya 9,8 faiz artırılaraq 33 milyard 779 milyon 500 min manat təşkil edəcək. Dövlət büdcəsinin təsdiq olunmuş 33 milyard 353 milyon 300 min manat məbləğində xərcləri 3 mil­yard 215 milyon 500 min manat və ya 9,6 faiz artırılaraq 36 milyard 568 milyon 800 min manata çatdırılacaq. Dövlət büdcə­sinin kəsiri təsdiq olunmuş 2 milyard 579 milyon 300 min manata qarşı 210 milyon manat və ya 8,1 faiz artırılaraq 2 milyard 789 milyon 300 min manat olacaq. Kə­sirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.

Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42 milyard 949 milyon 100 min manat proqnozlaşdırılır. Bu, təs­diq olunmuş göstəriciyə nisbətən 9 mil­yard 923 milyon 400 min manat və ya 30 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41 milyard 213 milyon 900 min manat proqnozlaşdırılır. Bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3 milyard 244 milyon 500 min manat və ya 8,5 faiz çoxdur. İc­mal büdcə 4 milyard 943 milyon 600 min manat kəsirlə proqnozlaşdırılsa da, 6 mil­yard 678 milyon 900 min manat əlavə gə­lirlər hesabına 1 milyard 735 milyon 300 min manat profisit yaranacaq.

Deputat Məlahət İbrahimqızı “Dövlət sosial müdafiə fondunun 2023-cü il bü­dcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunun­da dəyişiklik edilməsi barədə qanun la­yihələrinə əlavə təklif olmadığından səsə qoyulmasını təklif etdi. 

Hər 3 qanun layihəsi səsə qoyularaq qəbul edildi.

S.Qafaraova digər qanun layihələ­rinin də müzakirəyə ölkə Prezidentinin bir məktubu ilə daxil olduğunu, məzmun və mahiyyətcə yaxınlığını bildirdi. Həmin sənədlər də səsə qoyularaq qəbul edildi.

Bununla da Milli Məclisin plenar iclası başa çatdı.

Əliqismət BƏDƏLOV, “Xalq qəzeti”

Son xəbərlər