Ukrayna əks-hücumun uğurla getdiyini iddia edir

post-img

Ukrayna Müdafiə Qüvvələri hücum əməliyyatını davam etdirir. İyunun 16-da ukraynalı müdafiəçilər düşmənin aviasiya və artilleriya üstünlüyünə baxmayaraq, Uqledar və Stupochki istiqamətində uğur qazanıblar. "Əsgərlərimiz qismən uğur qazanıb. Ukrayna əsgərlərinin müdafiə etdiyi yerdə bir dənə də olsun mövqe itirilməyib. Zaporojye və Donetsk vilayətləri istiqamətlərində hücum əməliyyatları uğurla həyata keçirilir. Uqledar şəhəri ərazisində ukraynalı əsgərlər müəyyən sahələrdə uğur qazanıblar. Hücum hərəkətləri zamanı onlar əldə edilmiş xətlər üzrə yerləşirlər. Həmçinin Ukrayna Silahlı Qüvvələrinin bölmələri Donetsk vilayətinin Stupochki qəsəbəsinin şərqində yerləşən ərazidə uğurla hücum əməliyyatları keçirib, işğalçı qoşunları oradakı mövqelərindən sıxışdırıblar", – Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının spikeri Andrey Kovalev deyib.

Ukrayna ordusunun uğurları barədə NATO-nun baş katibi Yens Stoltenberq ABŞ prezidenti Co Baydenlə görüşdə də danışıb. Baş katib bildirib: “Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliy­yatı uğur qazanır. Onlar nə qədər çox ərazini azad edə bilsələr, danışıqlar masasında mövqeləri də bir o qədər möhkəm olacaq. Rusiya prezidenti Vladimir Putin heç vaxt bu təcavüzkar müharibədə qalib gəlməyəcək və bunu nə vaxtsa dərk edəcək. Hazırda Ukray­naya birlikdə verdiyimiz dəstək döyüş meydanında önəmlidir, çünki hücum başlayıb və ukraynalılar irəliləyir. Bu, yalnız başlanğıcdır”. 

Stoltenberq daha sonra Twitter-də yazıb: "Möhtəşəm görüş oldu. Mən ona (Co Bayden) ABŞ-n liderliyinə və Uk­raynaya verdiyi dəstəyə görə təşəkkür etdim. Vilnüsdə biz Ukraynaya dəstəyi artıracağıq və müdafiə qüvvələrimizi daha da gücləndirəcəyik".

Bu istiqamətdə addımlar atılır. Qərb ölkələri əks-hücumda iştirak etmək üçün təxminən 60 min Ukrayna əsgəri hazırlayıb. Bu barədə Brüsseldə keçi­rilən mətbuat konfransında ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri, general Mark Mil­li məlumat verib. O, Kiyevə silah və hərbi texnika tədarükünü koordinasi­ya edən qrupun növbəti iclasının nə­ticələrinə yekun vurub. "Ümumiyyətlə, beynəlxalq səylər nəticəsində 60 minə yaxın Ukrayna əsgəri hazırkı hücum əməliyyatı üçün hazırlanıb", – deyə amerikalı general bildirib.

Ukraynanın hücumunun uğurlu alınması üçün daha bir dəstəyə eh­tiyacı var. Hələ də cəbhədə Rusiya artilleriyası üstünlüyə malikdir və bu səbəbdən Ukrayna hərbçiləri aviasiya çatışmazlığı hiss edirlər, çünki Qərbin vəd etdiyi F-16 qırıcıları hələ də çatdı­rılmayıb. Bundan əlavə, cəbhə xəttin­də yerüstü bölmələri əhatə edə bilə­cək mobil hava hücumundan müdafiə sistemlərinin olmaması da problemdir. Ukraynanın hücumlarının daha uğur­lu alınması üçün bu çatışmazlıqlar ilk növbədə həll olunmalıdır.

Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin daha əvvəl elan edilmiş əks-hücum əməliyyatı iyunun 4-də başlayıb.

Ə.PÜNHAN, “Xalq qəzeti”

Dünya