Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov iyunun 5-də Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Yan Lidel-Qreynger və xanım Liz Kristofersen ilə görüşüb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, DİN ilə Avropa Şurası arasında sıx və işgüzar əməkdaşlıq əlaqələrinin mövcudluğundan danışan nazir Vilayət Eyvazov bu əlaqələr çərçivəsində insan hüquq və azadlıqlarının təmin olunması istiqamətində həyata keçirilən tədbirlərin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Qeyd edib ki, daxili işlər orqanları əməkdaşlarının peşəkarlığının daha da artırılması, beynəlxalq təcrübənin öyrənilməsi sahəsində görülən işlər sistemli şəkildə həyata keçirilir.
Polis orqanlarının müvəqqəti saxlama yerlərinin müasir standartlara uyğun təşkil edildiyi, hökumət, eləcə də qeyri-hökumət təşkilatlarından olan müşahidəçilərin müvəqqəti saxlama yerlərində sərbəst və məhdudiyyətsiz monitorinq keçirmələrinə lazımi şərait yaradıldığı diqqətə çatdırılıb.
Həmməruzəçilər insan hüquq və azadlıqlarının qorunması sahəsində görülən işlər barədə verdiyi əhatəli məlumata görə Vilayət Eyvazova minnətdarlıqlarını bildiriblər.
Görüşdə bir sıra digər məsələlər də müzakirə olunub, daxili işlər naziri qonaqları maraqlandıran sualları ətraflı cavablandırıb.
“Xalq qəzeti”